Ötən il 16 erkən nikah faktı aşkarlanıb
10 fevral 2014 11:15 (UTC +04:00)

Ötən il 16 erkən nikah faktı aşkarlanıb

“Azərbaycanın müxtəlif regionlarında sosial dəstək mərkəzlərinin olması və insanlara sosial yardımların göstərilməsi mövcud problemlərin bir qədər azalmasına gətirib çıxarır”.


 

 APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, 2013-cü ildə 11 sosial dəstək mərkəzinə 2222 müraciət daxil edilib və onlardan 1017-si uşaq məsələləri ilə bağlı olub. Onun sözlərinə görə, 6900 nəfər mərkəzin təlim və müxtəlif xidmətlərindən istifadə ediblər: "16 erkən nikah faktı aşkarlanıb, 11-nin qarşısı alınıb. Erkən nikahların qarşısının alınması məqsədilə "Ailəyə məktub" aksiyası çərçivəsində 12139 ailəyə məktub paylanıb. 27 ailə barışdırılıb, 11 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb".

 

Komitə nümayəndəsi qeyd edib ki, hər bir regionun özünün daha qabarıq görünən problemləri var: "Məsələn, Zaqatala və Göygöl rayonlarında erkən nikahlar haqqında danışa bilmərik. Çünki, bu zonanın insanları daha mütərəqqi insanlardır və onlar üçün övladlarının təhsili daha vacibdir, nəinki erkən nikah qurmaq. Amma digər zonalarda vəziyyət fərqlidir”.

 

Z. Sadıqova onu da bildirib ki, komitə hər zaman uşaqların internat evlərindən ailələrə verilməsinin tərəfdarıdır: “Lakin regionların hamısında bu cür xidmət sahələri olmadığı üçün valideynlər sağlamlıq imkanları məhdud olan uşaqları ilə məşğul olacaq kifayət qədər ixtisaslı və ya mütəxəssis tapa bilmirlər. Kadr çatışmazlığı ucbatından uşaqlar regionlardan şəhərə gətirilərək internat evlərinə verilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar