Azərbaycanda aylıq sosial müavinət alan şəxslərin sayı açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycanda 324 mindən artıq şəxsə aylıq sosial müavinət ödənilir.
Bu ilin 1 aprel tarixinə Azərbaycanda 13 min 334 nəfər yaşa, 121 min 856 nəfər əlilliyə, 39 min 342 nəfər ailə başçısını itirməyə, 63 min nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduğuna görə aylıq sosial müavinət alır.
Müharibə veteranı və qanunvericilikdə nəzərdə tutulan digər güzəştli kateqoriyalardan olan 49 min 476 nəfər isə hər ay sosial müavinətlə təmin olunur.
Ümumilikdə ölkədə aylıq sosial müavinət alanların sayı 324 min 122 nəfərdir. Eyni zamanda, bu ilin ilk rübündə 34 min 171 nəfərə, o cümlədən 28 min 470 ailəyə uşağın doğulmasına, 4114 nəfər radiasiya qəzası nəticəsində zərərə çəkərək əlil olmuş şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 971 nəfərə və dəfn üçün 616 nəfərə birdəfəlik müavinət ödənilib.