Lent.az-ın “Tərs sual” rubrikasının qonağı APA Holdinqin Direktorlar Şurasının sədri Nurşən Quliyevdir.
- Nurşən müəllim, APA-nın və sizin APA dövrünüzün 9-cu ili tamamlanır. Arxada qalan 9 ildə heç olmasa, 9 dəfə APA-da və ya ümumiyyətlə, mətbuatda olduğunuza görə peşman olmamısınız ki?
- 9 il mətbuat üçün qısa zaman olsa da, bunu insan ömrü üçün müəyyən dövr saymaq olar. Konkret APA ilə bağlı olmasa da, bu sahə, jurnalistika ilə bağlı peşmançılıq keçirdiyim dövrlər olub. Mətbuatda baş verənlərlə bağlı peşmançılıq keçirdiyim məqamlar var. 9 dəfə olmasa da, yəqin ki, 2-3 dəfə olub. Ancaq bu o demək deyil ki, mən, ümumiyyətlə, mətbuatda olduğum üçün peşmanam.
- Mətbuatdan bezib getmək istədiyiniz anlar olub?
- Bezib getmək istədiyim hallar da olub. Söhbət konkret APA-dan bezmək, buradan getməkdən yox, yenə deyirəm, ümumiyyətlə, mətbuatdan uzaqlaşmaqdan gedir.
- Bir jurnalisti jurnalistikadan bu qədər nə soyuda bilər?
- Bir jurnalisti jurnalistikadan soyudan çox səbəb sadalaya bilərəm. Ancaq əsas səbəblər jurnalistikaya, qələmə, xəbərə, mətbuata münasibətlə bağlıdır. Bu sahədə olan insanların mətbuatda çıxardığı oyunları, onların bu sahədən şəxsi məqsədləri üçün yararlanmaq istəkləri, adamı şok edən davranışlarını gördükcə, adam istər-istəməz düşünür ki, bu adamlarla eyni yolda olmaq onlarla eyni görünməyə bərabərdir. Təbii ki, bu şeylər də adamı qırır, pərt edir. Bəzən mənim yanımda elə adamların adlarını hörmətli jurnalist kimi çəkiblər ki, mən onları tanımamışam, ancaq görmüşəm, onların hörməti APA-dan, APA-da işləyənlərdən, məndən yüksəkdir. Hətta həmin adamlar özləri mənə qəribə baxıb ki, deyəsən, sən jurnalist deyilsən.
- Sizlə müsahibə üçün suallar hazırlayanda bir neçə adamdan haqqınızda kompromat xarakterli məlumatlar almaq istədim. “Bilirəm” deyən olmadı. Jurnalistika karyeranızda adınız heç bir qalmaqalda, intriqada hallanmayıb. Özünüzün qeyd elədiyiniz kimi, hətta bəzən bezib getmək istəyəcəyiniz qədər çirkli bir mühitdə söz-söhbətlərdən kənarda dayanmaq, təmiz qalmaq çox çətin deyil ki?
- Bu, insanın xarakterindən irəli gələn bir şeydir. Mənim fikrimcə, insan hər şeydən öncə öz vicdanı qarşısında təmiz olmalıdır. Söhbət jurnalistikadan və ya hansısa peşədən getmir. Mən əgər güzgüyə baxanda orada görünən Nurşənin qarşısında utanmıramsa, onun gözünə dik baxa bilirəmsə, deməli, doğru yaşamışam. Bu günə qədər mənə də çoxlu rüşvətlər təklif olunub, amma mən həmişə düşünmüşəm ki, insanın peşəsinə, qələminə hörməti hər şeydən üstün olmalıdır. Bu, pafos deyil. Mən özümü heç kimdən istedadlı, hamıdan üstün hesab etmirəm, normal jurnalistəm, amma ən azı çalışdığım sahədə nə isə eləmişəm. Bu gün kimsə mənimlə bağlı hansısa qalmaqallı məsələ, kompromat tapa bilmirsə, mənim üçün əsas məsələ budur.
- Vicdan demişkən, 9 il ərzində nə vaxtsa APA-da yayımladığınız xəbərə görə sonradan vicdanınız narahat olubmu ki, kaş o xəbəri verməyəydim?
- O an üçün hansısa xırda bir məsələyə görə narahatlıq olmuş olsa belə, bu gün mənim yaddaşımda ilişib qalan elə bir xəbər olmayıb. Çünki bizim üçün həmişə bir prinsip vacib olub: xəbərdirsə, verilməlidir. Xəbər operativ olmalıdır, ittiham varsa, qarşı tərəfin mövqeyi olmalıdır. Kimisə incitmək, kiminsə şəxsi həyatına müdaxilə etmək naminə hansısa xəbəri vermək olmaz. Mən hesab edirəm ki, əslində ciddi mətbuat belə olmalıdır. Biz də bu prinsiplərlə işlədiyimizə görə o cür xəbərlər verib, sonradan peşman olmamışıq.
- Heç olubmu ki, sizin yayımlamağı doğru hesab etmədiyiniz bir mövzuda xəbər göndərilib, siz isə o xəbəri yaymaqdan imtina etmisiniz və bunun qarşılığından nələrsə itirmisiniz?
- Gəlib, ancaq biz o cür xəbərləri göndərən adamlara və ya qurumlara izah etmişik ki, belə xəbərləri yaymaq APA-nın prinsiplərinə ziddir. O cür xəbərlərin qarşılığında bizə nələr təklif ediblər, onu deyə bilmərəm, ancaq belə xəbərlər göndərilib, dalınca zəng olunub, bəzən təhdid ediblər. Ancaq biz başa salmışıq ki, belə xəbərlərlə öz prinsiplərimizə xələl gətirmiş və APA-nın nüfuzunu zədələmiş olarıq. Bu səbəbdən də o xəbərləri yayımlamaqdan imtina etmişik. Bu gün nəyəsə görə peşmanlığımız yoxdursa, deməli, biz doğru qərar vermişik.
- Nurşən müəllim, APA-ya borcunuz çoxdur?
- Mən 9 ildir APA-da işləyirəm. APA-nın Azərbaycan mətbuatda tutduğu yeri və nüfuzu həm də mənim jurnalist kimi tanınmağıma təsir edib. Eyni zamanda, arxada qalan 9 ildə APA ilə mən bir-birimiz həm tanıtmışıq, həm nələrsə vermişik, həm də nələrsə almışıq.
- APA da sizə borcludur, yəni?
- Təbii ki, APA-nın da mənə borcu var. Hesab edirəm ki, mənim ona borcumla onun mənə borcu arasında bir bərabərlik işarəsi var. Mən bu gün özümü APA-dan kənarda hansısa mətbu orqanda görmürəm. APA mənə bu qədər doğmadır və başqa yerdə işləməyi də təsəvvür edə bilmirəm.
- Siz həmişə qadın rəhbərlə işləmisiniz. Əvvəl Xoşqədəm Hidayətqızı, son 9 ildə isə Vüsalə Mahirqızı. Kifayət qədər eqolu sahə olan jurnalistikada çalışan biri və ya ümumiyyətlə, kişi qüruru üçün qadınların rəhbərliyi altında işləmək çətin deyil ki?
- Mən “Üç nöqtə” qəzetində də, APA-da işləyəndə də qeyd elədiyiniz xanım rəhbərlərdən özümə qarşı həmişə hörmət görmüşəm. Bizim münasibətlərimiz hər zaman elə formada olub ki, bir-birimizlə heç vaxt yüksək tonda danışmamışıq. Nə birlikdə işlədiyimiz dövrdə Xoşqədəm xanımla, nə də Vüsalə xanımla heç vaxt səs tonlarımızı qaldıracaq dərəcədə inciklik yaşanmayıb. Bu ondan irəli gəlir ki, hərə öz işi ilə məşğul olub. Heç kim heç kimin işinə qarışmayıb. Ümumiyyətlə, mən heç zaman üzümə söz deyilməsinə, nə isə artıq söz eşitməyimə imkan verməmişəm. Fikirləşmişəm ki, özümə aid olmayan məsələlərə müdaxilə etmək olmaz, çünki bu, qarşı tərəfin sənə iradı ilə nəticələnə bilər.
Məncə, iş həyatında kişi-qadın fərqi yoxdur, bacarıqlı və bacarıqsız adam məsələsi var. Belə görünür ki, Vüsalə xanım da bu iş məsələlərində daha bacarıqlıdır. Vüsalə xanımın baş direktor olmağı və ya holdinqin sahibi olmağı da heç vaxt kompleks yaratmayıb məndə.
- Nurşən müəllim, 9 il ərzində APA-ya müsahibə verməkdən imtina edənlər olubmu və sizin müsahibə almaq arzusunda olduğunuz adamlar varmı?
- Bizə müsahibə verməkdən imtina edənlər də çox olub, müsahibə götürmək arzusunda olduğumuz şəxslər də çoxdur. Bir sıra xarici ölkələrin prezidentlərinə müraciətlər etmişik. Arzulayırıq, Putindən, Obamadan, BMT-nin baş katibindən müsahibə götürək. Ancaq alınmır hələ. Bunlar deyəsən, daha böyük işlərlə məşğuldur, müsahibəyə vaxtları yoxdur. Azərbaycanda ölkə prezidentdən müsahibə götürmək istəyərdik.
- Müsahibə üçün müraciət etmisiniz?
- Müraciət etməmişik, ancaq müsahibə almaq istəyərdik. Azərbaycanda bəzi siyasətçilər də var ki, onlar özləri APA-ya müsahibə vermək istəmir, müsahibələrinin təhrif edildiyini iddia edirlər.
- Doğrudan təhrif edirsiniz?
- Yox, sadəcə bu adamlar hesab edirlər ki, biz onların danışdığı hər şeyi verməliyik. Məsələn, bizim müxbir onlardan soruşur ki, filan yerdə ölən adamın meyitini gördünüz? Adam cavab verir ki, onun yıxılıb ölməsində bu hakimiyyətin rolu var, o torpağı düz tökməyiblər deyə, o adam yıxılıb ölüb, ölümünə birbaşa hakimiyyət cavabdehdir-filan. Bizim sualımız isə konkret olur: görmüsən, ya yox. Özləri bizim konkret sualımıza cavab vermirlər, ancaq hesab edirlər ki, suala aidiyyəti olmayan nə danışsalar, biz verməliyik. Belə şey yoxdur. Mənim konkret sualım var və sən o suala cavab ver. Əgər mən nə vaxtsa sənin dediyin hansısa cümləni təhrif edərəmsə, sənin “gördüm” dediyini, “görmədim” yazıramsa, onda sən haqlı ola bilərsən.
- APA-da müsahibəsinə, açıqlamasında qadağa qoyduğunuz, sayt üçün “persona non-qrata” hesab olunan adamlar varmı?
- Yox, mən arxada qalan 9 il ərzində xatırlamıram ki, kiməsə “burda filankəsin açıqlaması, müsahibəsi getməyəcək” deyilsin. Belə bir şey olmayıb. Bizim üçün kiməsə qadağa qoymaq, kiminsə açıqlamasını verməmək kimi bir praktika olmayıb.
- APA-nın xəbərçilik üslubuna fikir verdikdə, pafosdan maksimum qaçıldığı görünür. Azərbaycan mətbuatında isə pafos özünəməxsus yerə sahibdir. Ümumiyyətlə, sizcə, pafos jurnalistikanın tərkib hissəsidir, ya yox?
- Pafos jurnalistikanın tərkib hissəsi ola bilər, ancaq o pafosun əsaslandığı şey hər bir halda fakt olmalıdır. Fakt varsa, bunu pafosla demək olar. Yox, əgər ortada heç nə yoxdursa, yalanı doğru kimi təqdim etmək istəyirsənsə, burada pafos yersiz şeydir. Mən çox təəssüf edirəm ki, Azərbaycanda da pafos, qeyri-ciddi jurnalistika önə çıxıb. Xəbərlərin oxunma reytinqinə baxdıqda bu aydın görünür. Ciddi adamların hamısı APA-nı oxuyur. Ancaq təəssüf ki, cəmiyyətin səviyyəsi də məhz o qeyri-ciddi jurnalistika ilə uzlaşır.
- Medianın funksiyası həm də cəmiyyətin səviyyəsini yüksəltmək deyil?
- Yox, məsələ budur ki, bizdə media cəmiyyətin səviyyəsini qaldırmaq əvəzinə, cəmiyyət medianı öz səviyyəsinə endirir. Təəssüf ki, Azərbaycanda əksər media orqanları istədiyimiz səviyyədə deyil.
- Nurşən müəllim, bütün günü xəbərlə, cümlə ilə işləyən biri olaraq, APA-nı Azərbaycan mediasında hansı cümlə üzvü hesab edirsiniz?
- APA Azərbaycan mediasının əsas cümlə üzvləri – həm mübtədası, həm də xəbəridir.
- Bunu özünüzün müəyyənləşdirməyiniz nə qədər ədalətlidir?
- Bu, mənim verdiyim qiymət deyil. Mənim APA-nı qiymətləndirməyim düzgün olmaz. Ancaq həm də bir oxucu və Azərbaycan mətbuatını yaxından bilən biri kimi belə düşünürəm. Azərbaycan mediasının ümumi vəziyyətinə baxsaq, APA-nın burada əsas cümlə üzvləri olduğunu görərik.
- Gələn il həm APA, həm də sizin üçün daha təmtəraqlı ildir. Sizin 40, APA-nın isə 10 illik yubileyi olacaq. Geriyə çönüb, 10 ilini APA-ya verdiyiniz 40 illik ömrünüzə baxanda nə görürsünüz?
- Hesab edirəm ki, bu 10 il ərzində Vüsalə Mahirqızı və mən Azərbaycan mətbuat tarixində qalacaq, burada öz sözünü demiş və uzun illər də deyəcək informasiya agentliyi yaratmışıq. Əgər bu gün APA-nın fəaliyyəti gənclərə jurnalistika öyrədən universitetlərdə predmet kimi öyrənilirsə, bu, o deməkdir ki, arxada qalan illəri boşa verməmişik. Mən hesab edirəm ki, APA doğrudan da məktəbdir və biz, bu məktəbdə layiqli jurnalistlər yetişdirmişik.
- Özünüzün və APA-nın yubiley ilində nələr nəzərdə tutmusunuz?
- Mənim üçün şəxsi zəmində 40 yaşla bağlı bir hədəf yoxdur, ancaq APA-nı Cənubi Qafqazda, MDB-də, Avropa və dünyada tanınan, önə çıxan agentlikləri sırasına çıxarmaq məqsədimiz var. Təbii ki, Azərbaycan kimi ölkənin informasiya məkanında fəaliyyət göstərən bir qurum üçün dünyada birinci olmaq iddiası gülünc görünər. Biz də çalışırıq ki, iddialarımızla imkanlarımızı uzlaşdıraq, yeni texnologiyalar tətbiq edərək, daha müasir informasiya agentliyi quraq.