NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Anjey Kaspşik deyə bir şəxs var. O, ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunanda əslən Kəlbəcərdən olan məcburi köçkün Zaur Həsənov təzə dünyaya gəlmişdi. O dünyaya gələndə Anjey Kaspşik adlı şəxsi tanımırdı, missiyasından da xəbəri yox idi. Anjey Kaspşik də Zaur Həsənovu tanımırdı, onun dünyaya gəlməsindən xəbərsiz idi. Hərə öz işi ilə məşğul idi, Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin hər iki tərəfindən monitorinq keçirir, Zaur Həsənov isə uşaqlıq xəyallarını yeniyetməlik dövrünə daşıyır, yeniyetməlik xəyallarını isə gənclik dövrünə daşımağa hazırlaşırdı. Kaspşikin öz romantikası vardı, Zaur Həsənovun öz romantikası. Bir gün yollarının kəsişəcəyindən xəbərsiz idilər. Onların yolları dünən kəsişdi. Zaur Həsənov şəhid oldu, Anjey Kaspşik onun adını bir vərəqlik hesabata yazıb ATƏT-ə göndərdi. Bax belə...
Günün acı reallığı budur - Kaspşik ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunanda Zaur Həsənov təzə doğulmuşdu, Zaur Həsənov şəhid olanda Anjey Kaspşik hələ də ATƏT sədrinin şəxsi nümayəndəsi idi. Vəssalam...