GÜNÜN ŞƏRHİ
Ermənistan Müdafiə Nazirliyinin siyasətindən qəribə məqamlar müşahidə olunur. Qoşunların təmas xəttində iki hərbçinin öldüyü barədə məlumat yayır, lakin bu hərbçilərin hansı şəraitdə, atəş, yoxsa xəstəlik nəticəsində öldüyünü açıqlamaqda tərəddüd edirlər. İnformasiyaların analizi bir neçə qənaətə gəlməyə əsas verir. Müharibə şəraitində itkilərin sayının ən azı 5 dəfə az göstərilməsi yazılmamış qanunlardan, təbliğat kampaniyasının əsas prinsiplərindən biridir. Bu səbəbdən ermənilərin cəbhə xəttində verdiyi itkilərin sayının açıqlanan rəqəmdən daha çox olduğunu iddia etmək olar. İkinci qənaətdə birinci qənaətdən qaynaqlanır, yəni ermənilər çox itki vermələrinin səbəbini həm də daxili ictimai rəyə açıqlamalı, bu itkiləri əsaslandırmalıdırlar. Ermənistan Müdafiə Nazirliyinin məlumatlarında nəzərə çarpan tərəddüdlü məqamlar bununla bağlıdır. Yəni, itkilərin sayı o qədər çoxdur ki, Ermənistan tərəfi bunun səbəbini əsaslandıra bilmir. Belə olan təqdirdə rəsmi İrəvan orta mövqe tutur. Rəqəmləri həm azaldır, həm də hərbçilərin hansı şəraitdə öldüyünə aydınlıq gətirmir. Bu səbəbdən Ermənistan Müdafiə Nazirliyinin məlumatlarını oxuyanda adamda hərbçilərin sanki xəstəlikdən öldüyü təsəvvürü yaranır. Olsun, daha doğrusu, ölsün, istər xəstəlikdən, istər gülləmizdən. Şəxsən mənim üçün bunun heç bir fərqi yoxdur.