NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Ana və uşaq ölümü statistika deyil. Söhbət bir qadının ölümündən gedir, doğuşu evdə bayram edilən, hər il ad günü keçirilən, ata-anasının əlindən tutaraq məktəbə gedən, qonşu partada sinif yoldaşı olan oğlanın onu oğrun-oğrun süzməsindən həzz alan, gizli-gizli sevməyə və sevilməyə başlayan, ali məktəbə hazırlaşarkən günün cəmi 24 saat olmasından gileylənən, imtahan cavabları çıxdıqda uçmağa qanadı olmayan, instituta daxil olmağını həyatda özünü müstəqil olaraq təsdiqlədiyi ilk iş olmasından fərəhlənən, qapısına elçi gələn, nişan gününün və toy hazırlıqlarının həyəcanını yaşayan və... həkimin, ailəsinin, özünün günahından həyatı qırılan bir qadından. Və dünyanın eybəcərlikləri ilə tanış olmağa macal tapmamış o biri dünyaya köç edən körpədən gedir. Onun ölümü də statistika deyil, o körpə bəlkə də böyüdükdən sonra cəmiyyətə yararlı bir insan, məsələn savadlı bir həkim olacaq, yüzlərlə insanın həyatını xilas edəcəkdi. Ya da bir dələduz, yaxud qısqanclıqdan arvadını öldürüb qəzetlərə xəbər olacaq insan ola bilərdi. Kimin sonunun nə olacağını Tanrı bilir, amma o körpənin sonu əvvəli bilinməmiş yazıldı. Sizi bilmirəm, amma ən böyük arzum bir daha ana və uşaq ölümü haqqında xəbər oxumamaqdır. Bütün arzuların gerçək olması ümidilə...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 23 may
590