Tarif Şurasının son qərarından sui-istifadə hallarının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin monitorinqinin əhatə dairəsini və intensivliyini daha da artırıb. Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Son iki günün monitorinqləri istehlak bazarında ərzaq mallarının pərakəndə satış qiymətlərində artımın olmadığını göstərir. Bununla yanaşı, Dövlət Xidməti tərəfindən istehlak bazarında intensiv nəzarət tədbirləri davam etdirilir.
Nazirlikdən o da bildirilib ki, görülən işlərin daha səmərəli olması və operativ tədbirlərin görülməsi üçün istehlakçılardan 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.