Kütləvi informasiya vasitələri ilə əməkdaşlığın gücləndirilməsini daim diqqətdə saxlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə mətbuatının inkişafında xidmətlər göstərmiş qocaman jurnalistlərin ehtiyac duyduqları təqdirdə müalicəsinə köməklik göstərmək niyyətindədir.
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 22 İyul-Milli Mətbuat Günü ilə əlaqədar veteran jurnalistlərlə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdən sonra Fizuli Ələkbərov ehtiyac duyduqları təqdirdə veteran jurnalistlərin müalicəsinə köməklik göstərilməsi və sosial müdafiə tədbirlərində əlil jurnalistlərin daim diqqətdə saxlanması barədə nazirliyin Mərkəzi Aparatına göstəriş verib.
Füzuli Ələkbərov qeyd edib ki, hazırda nazirliyin respublikanın 14 bölgəsi üzrə bərpa mərkəzləri fəaliyyət göstərir. Onun sözlərinə görə, əlillər və digər imtiyazlı təbəqələr üçün nəzərdə tutulan həmin müəssisələrdə ayrı-ayrı qocaman jurnalistlərin də ehtiyac duyduqları təqdirdə müalicə almalarını təşkil etmək olar.