Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Zərdab rayonunda əmək yarmarkası keçirilib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 23 müəssisə tərəfindən əsasən fəhlə və qulluqçu peşələri üzrə 170-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşlarla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirdə ümumilikdə 48 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.
Növbəti əmək yarmarkası sabah, sentyabrın 25-də Ağdaş rayonunda keçiriləcək. Tədbirdə 200-dək boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif olunması, ayrı-ayrı işsiz və işaxtaran şəxslərin peşə hazırlığı kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınması nəzərdə tutulur.