Nazirlik araşdırma apardı: <span style="color:red;">müəssisələr cərimələndi
14 noyabr 2014 14:29 (UTC +04:00)

Nazirlik araşdırma apardı: müəssisələr cərimələndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Qrafik-Ko” MMC (Bakının Nizami rayonu), “İnşaat konstruksiyaları” MMC (Nəsimi rayonu) və “Abşeron A-1” MTK-da (Abşeron rayonu) işçilərlə əmək münasibətlərinin qeydiyyatdan keçirilməklə rəsmiləşdirilmədiyini müəyyən edib. Lent.az-ın məlumatına görə, bununla əlaqədar, noyabrın 14-də ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları həmin müəssisələrdə olaraq, yerindəcə müvafiq araşdırma aparıblar.

 

Araşdırma zamanı “Qrafik-Ko” MMC-də 7 nəfər, “İnşaat konstruksiyaları” MMC-də 8 nəfər, “Abşeron A-1” MTK-da  4 nəfər işçi ilə bağlanmış əmək müqavilələrinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatdan keçirilmədiyi, beləliklə, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri aşkar olunub. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilib.

Eyni zamanda, hər üç müəssisədə əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilmədiyi, işçilərə fərdi mühafizə vasitələri verilmədiyi də aşkar edilib. Bununla bağlı olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılanadək dayandırılması məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar