Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib.
Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların icrasına dair və Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilib və nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi barədə qərar qəbul edilib.
Kollegiya iclasında həmçinin, Hacıqabul rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair, Dövlət büdcəsindən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və dövlət rüsumlarının hesablanmasının auditinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Şəmkir rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadənin auditinə dair, Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının saxlanılmasına ayrılan vəsaitlərdən istifadənin auditinə dair, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, eləcə də, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil xərcləri” bölməsinin “Texniki-peşə məktəbləri və liseylər” köməkçi bölməsinin “Liseylər” paraqrafı üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan Türk Liseyinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsinin “Meşə təsərrüfatı” köməkçi bölməsinin “Meşə ehtiyatlarının saxlanılması” paraqrafı üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Meşə Tingliyi İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramları təsdiq olunub.
Eyni zamanda, “Azərenerji” ASC-nin ölkədə elektrik enerjisinin təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə dövlət zəmanəti ilə beynəlxalq maliyyə-kredit təşkilatlarından, habelə Mərkəzi Bankdan aldığı kredit vəsaitlərinin istifadə vəziyyəti və onun kreditorlar və dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasına dair analitik təhlilin aparılması ilə bağlı qərar qəbul olunub.