Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aparatında tədbir olub. Lent.az-ın məlumatına görə, “Cəmiyyətdə insan hüquqlarının qorunmasının rolu”, “Bioetika və tibbi hüquq” və “Genetik modifikasiya olunmuş qida məhsulları” mövzusunda mühazirə keçirilib. Mühazirədə Kənd Təsərrüfatı Nazirliyinin Aparatına daxil olan struktur vahidlərinin rəhbərləri və müavinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Lalə Əhmədova insan hüquq və azadlıqlarının müdafiəsi, bu sahədə səmərələliyin artırılması ilə bağlı ətraflı çıxış danışıb.
Sonra “Cəmiyyətdə insan hüquqlarının qorunmasının rolu” və “Bioetika və tibbi hüquq” mövzusunda çıxış etməsi üçün söz həmin İnstitutun “Bioetika və tibbi hüquq” şöbəsinin böyük elmi işçisi Aidə Bəndəliyevaya verib. Tədbirin sonunda “Genetik modifikasiya olunmuş qida məhsulları” ilə bağlı biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent İsmət Əhmədov geniş çıxış edib. Maraqlı müzakirə formasında keçən mühazirənin sonunda mövzularla bağlı tədbir iştirakçılarının suallarına mühazirəçilər tərəfindən ətraflı məlumatlar verilib.