Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi günbəgün sürətlənir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu gün EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq bir milyonu (1 miyon 1976 bildiriş) ötüb.
Prosesin başlandığı gündən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub.
Əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsinə xidmət edən bu proses ƏƏSMN tərəfindən əhali, xüsusən işəgötürənlər arasında çoxşaxəli təbliğat-məlumatlandırma işlərinin aparılması ilə müşaiyyət olunub. Ölkənin bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı günü-vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib və onlara əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları” yaradılıb. Həmçinin müvafiq metodiki göstərişlər və yardımçı materiallar ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib, Nazirliyin "142-Çağrı mərkəzi"nin müvafiq mövzu ilə bağlı olaraq məlumatlandırma funksiyaları genişləndirilib.