Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mardı qəbul edib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə nazir S. Müslümov son illər prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara toxunub.
“Bu islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilmişdir”-deyən S.Müslümov ölkəmizin artıq yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyduğunu və ölkə rəhbərliyi tərəfindən bu məqsədlə prioritetlərin müəyyən edildiyini, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini vurğulayıb: “Ölkəmizdə sosial yönümlü iqtisadi siyasət həyata keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm verildiyindən bizim də qarşımızda mühüm vəzifələr qoyulub. Başlıca məqsədimiz inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulmasıdır”. S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini diqqətə çatdırıb.
“Nəzərdə tutulan institusional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaq” - deyə nazir bildirib.
Öz növbəsində M. Mard həyata keçiriləcək islahatların onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi qurumun ƏƏSMN ilə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb.