Nəqliyyat Nazirliyi paytaxtda sərnişindaşımada xidmət göstərən avtobuslarda özbaşına qiymət artıran xətt sahiblərini cəzalandırıb. Lent.az-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov movqe.az-a açıqlamasında bildirib. "Bizə özbaşına qiymət artımı ilə bağlı dünəndən siqnallar daxil olur. Artıq biz qiyməti özbaşına artıran xətt sahibləri barədə ölçü götürmüşük. 131 saylı xətdə özbaşına qiymət artımının qarşısı alınıb. Bu nəzarət tədbirləri davam etdirilir. Burdan bir daha elan edirəm ki, Tarif Şurası tərəfindən şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişin daşımada gediş haqları artırılmayıb. Düzdür sahibkarlar bizə benzinin son qiymət artımından sonra da gediş haqlarının artırılması üçün Tarif Şurasına müraciət etmək üçün məktub göndəriblər. Amma bir daha qeyd edirəm ki, Nəqliyyat Nazirliyi bunun üçün Tarif Şurasına müraciət etməyib".