Avropa İttifaqının Tempus proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin nəticələri məlum olub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycan ali məktəblərinin müsabiqəyə təqdim etdikləri 13 layihə uğur qazanıb. Qazanılmış layihələrdən 3-ü Azərbaycan Dillər Universiteti (“Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi” – 1 142 902 avro), Azərbaycan Dövlət İqtisad Universiteti (“Beynəlxalq əlaqələr üzrə universitet idarəetməsinin inkişafı və təkmilləşdirilməsi” – 653 908 avro) və Xəzər Universiteti (“Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” – 725 273 avro) tərəfindən təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Tempus proqramında 1995-ci ildən iştirak etməyə başlayıb. Azərbaycanın dövlət və özəl ali məktəbləri müxtəlif prioritet sahələr üzrə Tempus layihələrində fəal iştirak edirlər. Hazırda Azərbaycanın bölgələrində fəaliyyət göstərən universitetlərinin iştirakını və struktur tədbirləri nəzərdə tutan layihələrə xüsusilə üstünlük verilir.
Ümumiyyətlə, Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı ildən-ilə artmaqda davam edir. Belə ki, əgər 2012-ci ildə 45 layihə təqdim olunmuşdusa, 2013-cü ildə bu rəqəm 63-ə çatmışdır. Bu il ali məktəblərimiz tərəfindən təqdim olunan layihələrin 23-ü ilkin seçim mərhələsindən keçmiş, 13-ü isə təsdiq olunub.