Müqəddəs Ramazan ayı başladı
06 may 2019 09:12 (UTC +04:00)

Müqəddəs Ramazan ayı başladı

Bu gün bütün müsəlman aləmində olduğu kimi Azərbaycanda da müqəddəs Ramazan ayı başladı.

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

Əl Bəqərə surəsi, 183-cü ayəsində bildirilən bu fikirdən də görünüdüyü kimi Ramazan ayı insanlığa etdiyi günahlardan təmizlənmək,  dünya nemətlərindən imtina etməklə ruhən Allaha yaxınlaşmaq üçün çox gözəl bir fürsət verir.    

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Quran nazil olub. Həmin gecəyə Qədir və ya “əhya” gecəsi deyilir.

Qədir gecəsinin dəqiq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

 

Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfihələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”.  Insanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl ediblər: hilalı görəndə oruclarını başa vurublar. Iki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək  bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul ediblər.

 

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.

 

Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. İnanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır.

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə isə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.

Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

 

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

 

“Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: “Ey oğul!... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.

 

Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın”.

 

Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olub. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. İslam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa- o, Allah üçündür, əvəzini də Allah verir.

 

Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi.

Ramazan bayramı Azərbaycanda Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.

Allah oruc və dualarınızı qəbul etsin.        

         

 

 

 

# 1198
avatar

Aygün İbrahimli

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14