İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Təhsil nazirliyindən Lent.az-a bildirilib ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilən şəxslər iştirak edə bilərlər.
Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Ötənilki müsabiqəyə qatılanlar həmin nəticələri ilə birbaşa vakansiya seçiminə qatıla və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak edənlər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna da malikdirlər.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplayan namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.