"Azərbaycanda məscidlərin sayının artmasına baxmayaraq bəzi məscidlərdə problemlər yaşanır. Kimsə hardasa zamanında bir məscid inşa etdirib, indi ona elə gəlir ki, məscidi o tikdiribsə, maliyyəsi buna aiddirsə, deməli, oranın imamını və ya axundunu da o təyin etməlidir. Belə olmaz”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakının Yasamal rayonunda dindarlarla keçirdiyi görüşdə bildirib.
Komitə sədri qeyd edib ki, kimsə məscid tikdiribsə, deməli Allah yolunda öz missiyasını bitirib: “Dövlətin müəyyən elədiyi qanunla onu bələdiyyəyə verməlisən. Bundan sonra dövlətlə QMİ arasında olan qaydalar əsasında həmin məscid icmaya verilməli, ora QMİ tərəfindən imam, yaxud axund təyin edilməlidir. Amma biz hazırda burada bəzi pozuntuları görməkdəyik. Pozuntular özünü onda göstərir ki, bəzi dini icmalar qeydiyyata alınmadan hansısa məscidə sahiblik eləmək istəyir. Kimsə məscidə gələrək özünü məscidin rəhbəri elan edir. Bizim hökumət hansısa məscidi qapatmaq fikrində deyil. Prezidentimizin də siyasətində bu açıq şəkildə görünür. Lakin qanunsuz fəaliyyət göstərən hansısa qurum varsa, kimsə özünü dini lider elan edərək qanundan kənar fəaliyyət göstərmək istəyirsə, biz ona qarşı qanunun bütün vasitələrində istifadə edərək bunun qarşısını alacağıq”.
M. Qurbanlı konkret olaraq Yasamal rayonunda yerləşən “İlahiyyat” məscidinin qanunsuz fəaliyyət göstərdiyini deyib: “QMİ ilə Dini Komitə arasında əldə olunmuş razılıq əsasən, nəzərdə tuturuq ki, bu məsciddə biz icma yaratmalıyıq. Həmin icma vasitəsi ilə məsciddə nizam-intizam yaratmaq istəyirik”.
M. Qurbanlı deyib ki, bir neçə rayonda olub və müxtəlif dini nümayəndələrlə, o cümlədən özünü vəhhabilərin rəhbəri sayan insanlarla bu mövzuda görüşüb: “Vəhhabilərlə çox açıq söhbətlər eləmişəm. Onlardan soruşmuşam ki, məsələn, nəyə görə onlar yaxınlıqda məscid ola-ola şəhərin bu başından o biri başındakı məscidə namaz qılmağa gedir? Deməli, onun niyyəti xoş deyil. Onun məqsədi ancaq namaz qılmaqdırsa, yaxınlıqdakı məsciddə də bunu edə bilər. Yaxındakı məscidə getmirsə, kimlərləsə telefonlaşaraq hansısa məsciddə kütləvi surətdə yığışırlarsa, biz hesab edirik ki, onlar bizə birlik halında mövcud olduqlarını göstərmək istəyirlər. Əslində onlar kütləvilik yaratmaqla, psixoloji təsir deyilən bir metoddan istifadə edərək “biz mövcuduq”, “biz də varıq” demək istəyirlər. Təəssürat yaratmağa çalışırlar ki, guya bunlar çoxdurlar, əslində isə belə deyil. Azərbaycan xalqı çox müdrik, çox savadlı xalqdır. Bizim xalqın arasında dini maarifçilik ola bilər. Qurani Kərimlə bağlı, onun ülviliyi ilə bağlı, İslam dininin üstünlüyü ilə bağlı dini maarifçilik ola bilər və etməliyik. Gənclərimiz bunu bilsin. Gənclərimizə göstərməliyik ki, əslində onlara radikallar tərəfindən təbliğ, təşviq olunan məsələlər düz deyil. Bu təşviq edənlər də bəzən Qurani Kərimə istinad edir, amma ayələri özləri bildiyi, istədiyi kimi təfsir edirlər. Amma onlardan soruşuruq ki, sənin nə ixtiyarın var ayələri bildiyin kimi təfsir edirsən? Kim bu ixtiyarı sənə verib? Yəni, onlar bununla din içərisində təfriqə salmaq istəyirlər”.