Azərbaycanda nazir postu ilə yanaşı, nazir müavini postu da mühüm sayılır. Lent.az-ın məlumatına görə, bir neçə nazirlikdə hələ də nazir müavini yerləri vakant olaraq qalır. Belə nazirliklərdən biri də Nəqliyyat Nazirliyidir.
Azərbaycan Prezidentinin 2003-cü il 10 iyun tarixli fərmanı ilə Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb. Nazirliyin əsasnaməsində qeyd olunur ki, nəqliyyat nazirinin iki müavini var. Musa Pənahov nəqliyyat nazirinin müavini postundan birini tutsa da, 11 ildir ki, digər müavin postu vakant olaraq qalır. Qeyd edək ki, nazirlik yarandığı gündən nazirliyə uzun müddət Dəmir Yolunun rəisi işləyən Ziya Məmmədov rəhbərlik edir. O, nazir təyin edildikdən sonra Azərbaycan Dəmir Yolu İdarəsində rəis müavini işləyən M. Pənahovu özünə müavin (nəqliyyat nazirinin müavini) gətirib.
Azərbaycanda digər strateji nazirliklərdən olan Kənd Təsərrüfatı Nazirliyində də nazir müavini yerləri vakant olaraq qalır. Ötən ilin oktyabrında Heydər Əsədov nazir təyin edildikdən sonra nazir müavinləri – Aslan Aslanov və Bəhram Əliyev vəzifələrini itirməli oldular. Hazırda H. Əsədovun 3 müavinindən biri İlham Quliyev vəzifəsində qalmaqdadır. Digər nazir müavinləri yerinə isə 8 aydır təyinat yoxdur.
Onu da qeyd edək ki, nazirliyin Respublika Dövlət Toxum Müfəttişliyinə, “Aqrolizinq” SC-nə, eləcə də mərkəzi aparatın bir neçə şöbəsinə hələ də rəhbər təyin edilməyib.
Təhsil naziri də müavinsiz qalan məmurlardandır. Hələ 2011-ci ilin sentyabrında, Misir Mərdanov nazir olduğu zaman nazirin 3 müavini (İsgəndər İsgəndərov, İradə Hüseynova və Elmar Qasımov) vəzifəsindən azad edilmiş, Qulu Novruzov isə nazir müavini təyin edilmişdi. Həmi dövrdən etibarən (3 ildir) 2 müavin postu vakant olaraq qalır. Qeyd edək ki, ötən ilin aprelində təhsil naziri vəzifəsinə Mikayıl Cabbarov təyin olunub. Onun təyinatından sonra Q. Novruzov nazir müavini postu ilə vidalaşıb, Ceyhun Bayramov nazir müavini vəzifəsinə təyinat alıb.