AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2014-cü ilin seminarlarına start verilib. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Keçirilmiş seminarı giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açıb. Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra BDU-nun Riyazi analiz kafedrasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Ziyadxan Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə ilə çıxış edib. O, mövzu üzrə əldə etmiş olduğu yenilikləri həmkarları ilə bölüşüb. Məruzədə dördüncü tərtib qeyri- xətti tamam requlyar Şturm sisteminin lokal və qlobal bifurkasiyasından, xətti məsələnin məxsusi funksiyalarının osilyasiya xassələrinə malik olan və baxılan məsələnin bifurkasiyasının tədqiqində həlledici rol oynayan funksiyalar sinflərinin qurulmasından bəhs edib.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Professor M Mərdanov qeyd edib ki, ənənəvi seminarların keçirilməsi Azərbaycanda riyaziyyat elminin inkişafına dəstək məqsədi daşıyır, seminarda gənc alimlərin iştirakına geniş yer verilməlidir.