AMEA Riyaziyyat və Mexanika İnstitutunda Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyinin əməkdaşları ilə görüş keçirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
Görüşün əhəmiyyətindən söz açan Riyaziyyat və Mexanika institutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov elmi əməkdaşlığın ölkənin müdafiə sənayesinin inkişafına töhfə verəcəyini bildirib.
Qeyd edib ki, əməkdaşların bu sahə üzrə birgə fəaliyyətləri həm elmin, həm də müdafiə sənayesinin inkişafına təkan verəcək, eyni zamanda agentliyin əməkdaşları tədqiqat işlərini institutun elmi jurnalında çap etdirə biləcəklər.
Milli Aerokosmik Agentliyin direktoru Alçın Şirinzadə görüşün keçirilməsinin təqdirəlayiq hal olduğunu ifadə edərək Azərbaycanda ilk dəfə keçiriləcək Ümumdünya sərgisinə hazırlıq işlərindən söz açıb. O, bu istiqamətdə Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin fikirlərinə ehtiyac olduğunu bildirib. Sonda əməkdaşlıq protokolu imzalanıb.