Misir Mərdanov danışdı: “TQDK ilə qərəzimiz yoxdur”
08 yanvar 2013 12:44 (UTC +04:00)

Misir Mərdanov danışdı: “TQDK ilə qərəzimiz yoxdur”

- Misir müəllim, yeni təhsil ilinin ilk yarısını, ümumilikdə 2012-ci ilin yekunlarını necə dəyərləndirirsiniz?

 

- 2012-ci il Azərbaycan üçün uğurlu olub. Əlbəttə ki, bu uğurları qazanmaq o qədər də asan olmayıb. Xüsusən də təhsil sahəsində. Çox böyük işlər görülüb. Həm təhsil infrastrukturunun qurulması, möhkəmləndirilməsi, maddi-texniki bazanın inkişafı, qanunvericiliyin möhkəmləndirilməsi, ən vacibi isə təhsilin keyfiyyətinin qalxması ilə bağlı çox ciddi addımlar atılıb. Bu yaxınlarda PİRLS Beynəlxalq Qiymətləndirmə Təşkilatı bütün dünya ölkələrinin, o cümlədən Azərbaycanın nəticələrini açıqlayıb. Məncə, o nəticələr qənaətbəxşdir. Yəni bunları aparılan işlərin nəticəsi kimi qiymətləndirmək olar. Ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisələrində, peşə məktəblərində, xüsusən ali məktəblərdə əldə olunan nailiyyətlər göz qabağındadır. Mən xaricdə təhsili xüsusi qeyd etmək istəyirəm. Bu yaxınlarda İsveçrədə rəsmi səfərdə idim, universitetlərdə oldum, Azərbaycandan orda təhsil alan tələbələrlə, həmçinin ölkə rəsmiləri ilə görüşdüm. İsveçrə kimi inkişaf etmiş ölkənin rəsmiləri Azərbaycan təhsilinin səviyyəsindən razı qaldıqlarını bildirdilər. Bu, razılıq onunla bağlı idi ki, burdan ora müxtəlif təhsil səviyyələrində və pillələrində təhsil almağa gedən bizim gənclər yüksək bilik və bacarıq nümayiş etdirirlər. Mən şəxsən bunu İsveçrənin dövlət katibindən eşitdim. Orda dövlət proqramı ilə 100-dən çox azərbaycanlı gənc çox yüksək səviyyədə təhsil alır, bu il bitirənlər də var. Bu, sevindirici bir şeydir. Mənim üçün də gözlənilməz oldu ki, hətta bizim orta məktəbdə aşağı siniflərdən, 7-8-dən gedən şagirdlərimiz var, gedib orda təhsillərini davam etdirirlər, dövlət katibi mənə dedi ki, Rusiyadan və digər ölkələrdən gəlmiş şagirdlərə nisbətən sizinkilər yüksək bilik nümayiş etdirirlər, fərqi aradan qaldırıb qabağa keçirlər. Bu, çox sevindirici bir məqamdır.

 

- Bəs xaricdə təhsil alan tələbələrin geri qayıtması nisbəti nə yerdədir? Hətta bir ara deyilirdi ki, xaricdə təhsil alanlar Avropa dünyagörüşünə bələd olandan sonra Azərbaycana gələndə “zərərli” fikirlər yayırlar...

 

- Məncə, onlar hamısı şayiələrdir. Rəsmi göndərdiyimiz tələbələrin artıq 500-dən çoxu Azərbaycana qayıdıb və müvafiq dövlət, özəl qurumlarda iş tapıb işləyirlər. Əlbəttə, xaricdə qalanlar da olur, ancaq çox az faizdə - 3-5 faiz. Bu da təbiidir, biz buna etiraz etmirik. Əgər qalıb Azərbaycanın adını tanıdırsa, Azərbaycan diasporunun əsasını təşkil edirsə, qoy qalsın, işləsin. Bunun nəyi pisdir? Əksinə, biz fəxr eləməliyik. Dövlət proqramı üzrə 2 minə yaxın tələbə xaricə göndərilib, onun təqribən 500-ü təhsilini bitirib və Azərbaycana qayıdıb.

 

- Ötən il Almaniyada təhsil alan tələbələrin təhsil haqlarının ödənməsi ilə bağlı problemlər yaşanmışdı. Bu problemlər birdəfəlik həllini tapıb, yoxsa...

 

- Bu problemlər prosedurların mürəkkəbliyi ilə bağlı idi. Ancaq məsələlər həllini tapdı və artıq heç bir problem yoxdur. Məsələn, Almaniyaya daha çox tibbdə uzmanlığa yiyələnmək üçün gedirlər. 80-dən çox tələbə gedib, bu, böyük rəqəmdir. Onlar Azərbaycana gələndə burda, əlbəttə, tibbi xidmətin səviyyəsi artacaq. Bu proqramın əhəmiyyəti həm də odur ki, 2015-ci ildə xaricdə təhsil alanlarımızın sayını 5 min nəfərə çatdıraq. İnşallah, biz ona nail olsaq, 5 min adamdan lap tutaq ki, 4 mini geri qayıtsa, bu, Azərbaycan üçün çox böyük hadisədir.

 

- Hər halda, bu, gələcəyə qoyulan yatırımdır. Ancaq bu gün təhsil, səhiyyə ilə bağlı cəmiyyətdə kifayət qədər tənqidi münasibət var. Yəqin ki, siz də bunun fərqindəsiniz. Narahatsınızmı?

 

- Əlbəttə, məni narahat edir. Amma o fikirlərin çoxu bəlkə də qərəzdən, ya müəyyən məlumatsızlıqdan irəli gəlir. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan təhsili sürətlə dünya təhsilinə inteqrasiya olunmaqdadır. Azərbaycan təhsilində çox ciddi keyfiyyət dəyişiklikləri baş verir və artıq onun nəticələri bəllidir. Təhsil elə bir sistemdir ki, orda hər hansı bir nəticəni tez, sürətlə almaq qeyri-mümkündür. Biz ümumi təhsil sahəsində əsaslı islahatlara 5 il bundan əvvəl başlamışıq. Nəticə dərhal olmaz ki. O zaman birinci sinfə gedən uşaqlar indi 5-ci sinfə gedir. Onların nəticələri Allah qoysa, 6-10 il sonra bilinəcək. Onda görülən işin nəticəsinə qiymət vermək olar. Ancaq şəxsən mən həyatımı bu işə həsr eləmiş bir insan kimi əminliklə demək istərdim ki, Azərbaycan təhsili ölkədə gedən inkişaf istiqamətlərinə uyğun olaraq inkişaf edir və dövlət başçısının, cənab prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işləri də xüsusi vurğulamaq istəyirəm. Bu baxımdan gələcəyə ümidlə baxmaq lazımdır.

 

- Ötən il maraqlı bir açıqlamanız olmuşdu ki, məktəblərə ayrılan kompüterlər bəzi icra başçılarının katibələrinin evindədir. Bu kompüterlərin məktəblərə qaytarılması üçün onlara vaxt vermişdiniz. Qaytardılarmı?

 

- Biz o məsələni dəqiqləşdirdik. Artıq bu kompüterlərin demək olar ki, 70-80 faizi geriyə qaytarılıb, yəni bərpa olunub. Digərlərinin də üzərində iş aparılır. Yəni keçirilən həmin kollegiyanın qərarının çox böyük əhəmiyyəti oldu. Sağ olsun mətbuat, bunu vaxtında işıqlandırdı və faydası oldu.

 

- Məktəbəqədər təhsil, bağça problemi də çox aktualdır. Düzdür, 2012-ci ildən bu sahə Təhsil Nazirliyinin tabeçiliyindən çıxarılıb Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Amma hər halda, məktəbəqədər dövrün problemləri həm də sizin sahəyə, orta təhsilə sirayət edir. Bu sahədə təcrübəsi olan şəxs kimi çıxış yolunu nədə görürsünüz?

 

- Bu barədə cənab prezidentin özünün açıqlamaları olub. Mən düşünürəm ki, cənab prezidentin təsdiq etdiyi “Bağçaların maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncama əsasən bir neçə ildən sonra Bakı şəhərində bağça problemi olmayacaq.

 

- Problem həllini tapana qədər komplektləşmə ilə bağlı kvota aradan qaldırıla, yaxud bağça müdirlərinə güzəştlər edilə bilməzmi?

 

- Bu məsələ bizim tabeçiliyimizdə olmadığı üçün kvota məsələsinə qarışa bilmərəm. Amma mənə belə gəlir ki, indiki situasiyada xüsusən Bakı şəhərindəki məktəblərə 5 yaşlı uşaqları məktəbəqədər təhsilə cəlb etmək olar. Dünyada da belə bir təcrübə var. Bəzi məktəblər var ki, binası var, ancaq tam dolmur. O məktəblərin otaqlarından günün müəyyən hissəsində 5 yaşlıları gətirib məktəbdə onlara dərslər keçməklə bu məsələni həll etmək olar. Biz bu barədə təklifimizi hökumətə təqdim etmişik ki, bütün ölkə üzrə hansı məktəblərdə imkan varsa, o imkanlardan istifadə edək.

 

- Ölkəboyu nə qədər belə məktəb var?

 

- Dəqiq rəqəmi indi deyə bilmərəm. Amma hardasa 20 faizə qədər məsələni bu şəkildə həll etmək olar. Bağçalar tikilib hazır olana qədər bu yolla vəziyyəti yaxşılığa doğru dəyişmək olar.

 

- Misir müəllim, ötən il TQDK sədri Məleykə Abbaszadə ilə münasibətlərinizdə gərginliklər müşahidə olundu. Yeni ildə bu münasibətlər hansı qaydada olacaq, heç olmasa həmrəylik günü və yeni il ərəfəsində umu-küsülərə son verildi, yoxsa gərginlik qalır?

 

- Şəxsən mənim və rəhbərlik etdiyim nazirliyin TQDK ilə heç bir qərəzli münasibəti yoxdur. Həmişə demişəm, yenə deyirəm: yaxşı olar ki, hər bir dövlət qurumu öz vəzifəsini yerinə yetirməklə məşğul olsun, bu, o cümlədən bizə aiddir. Biz iki qurum olaraq hərəmiz təhsilin bir hissəsini idarə edir, inkişaf etdiririk. Bir-birimizə dəstək olmalıyıq. Əgər birimizin işində hər hansı bir mənfi məqamlar varsa, fikrimizi rəsmi bildirməliyik və bunu düzəltməyə çalışmalıyıq. Arzu edərdim ki, bütün o dedi-qodular, söz-söhbətlər 2012-ci ildə qalsın və 2013-ə keçməsin.

 

- Amma ötənilki gərginliklər bütün cəmiyyətin diqqətində oldu...

 

- Mən elə bir gərginlik keçirmədim. Hər zaman dediyim kimi, yenə o fikirdəyəm ki, mən belə halların olmasını istəyən adam deyiləm. Ümumiyyətlə, həyatda kiminləsə intriqa aparmaq, kiminsə işinə qarışmaq mövqeyi olan adam deyiləm. Hərəmiz öz işimizlə məşğul olmalı və yeri gələndə bir-birimizə dəstək verməliyik. Nöqsanımızı görüb onu düzəltmək haqqında təklif verməliyik.

 

- Məleykə xanımı təbrik etdinizmi?

 

- Bəli, təbrik etmişəm. Mən həmişə rəsmi təbrik göndərirəm. Biz məclislərdə də görüşür, söhbət edirik, başqa söhbət ola bilməz.

 

- Normalda təhsillə bağlı olan bu qurumlar gərək əməkdaşlıq etsinlər, nəinki ayrı-ayrı səngərlərdə atışsınlar.

 

- Tamamilə doğrudur. Belə olmaz. Birgə əməkdaşlıq şəraitində Azərbaycan təhsilinə kömək etmək lazımdır.

 

- 2013-cü ildə birgə əməkdaşlıq üçün hansısa bir planınız, proqramınız varmı?

 

- Hər zaman deyirəm ki, məsələn, dərsliklərin nəşrində səhv varsa, buyurun, deyin, düzəldək. Ancaq mən onu ictimailəşdirməyin tərəfdarı deyiləm. Biz dövlət qurumu, məmur olaraq bir-birimizə kömək edib səhvlərimizi düzəltməyə çalışmalıyıq.

 

- TQDK sədri də faktiki olaraq nazir postundadır və yəqin ki, sizin postunuzda gözü yoxdur. Bu mənada təhsildəki problemlərə səmimi yanaşma nümayiş etdirdiyini demək olarmı?

 

- Mənə elə gəlir ki, burda başqa bir məqsəd yoxdur. O da təcrübəli mütəxəssisdir, neçə illərdir işləyir və ona da 2013-cü ildə uğurlar, cansağlığı arzulayıram.

 

- Müəllimlərin maaşının azlığı ilə bağlı ötən il də çox danışıldı, ancaq bir nəticə olmadı. Siz bu sahədə vəziyyəti düzəltmək üçün nə təklif edirsiniz?

 

- Bu, faktdır ki, maaşı az olan müəllim daha çox dərsdən sonrakı məşğələyə diqqət ayırır və təhsilin keyfiyyətinə də təsir göstərir.

 

- Repetitorluq problemini aradan qaldırmağın yolu nədir?

 

- Bu, çox ciddi məsələdir. Məncə, əvvəlcə bu məsələni hərtərəfli araşdırmaq lazımdır. Müəllimin əsas işi təbii ki, məktəbdə olmalıdır. Ancaq repetitorluq dünyanın hər yerində var, mən Avropada da görmüşəm.

 

- Avropalı müəllimlərlə Azərbaycan müəllimlərinin aldığı maaşı müqayisə edəndə hansı qənaətə gəlirsiniz?

 

- Dünyanın heç bir ölkəsində müəllimlər yüksək səviyyədə yaşayan təbəqə deyil. Hər yerdə orta, ortadan aşağı səviyyədə yaşayırlar. Finlandiyanı, bir neçə digər ölkəni çıxmaq şərtilə, müəllimlərin həyat səviyyəsi hər yerdə aşağıdır.

 

- Milli Məclisdə də səsləndi ki, bu gün Azərbaycan müəllimi 168 manat maaş alırsa, deməli, təhsilin səviyyəsindən də danışmaq olmaz.

 

- Yox, elə deyil. Normal stajı olan müəllim hardasa 350 manata yaxın maaş alır. “Stavka” yarım dərs deyən müəllimin əmək haqqı 330-350 manat arasındadır. Saat hesabı ilə işləyən müəllimin az maaş alması mümkündür.

 

- Müəllimlərin bir çoxu ondan narazıdır ki, 24 saatdan artıq dərs desələr də, yuxarı saatların əmək haqqını ala bilmirlər. Bununla bağlı çıxış yolunu nədə görürsünüz?

 

- Şəxsən mən 21 saata razıyam. Çünki bir müəllim bir həftədə 20 saatdan artıq dərsi keyfiyyətli deyə bilmir. Həftənin 5 günü, hər gün də 5 saat, bu qədər dərs az deyil ki. Müəllim bu 4 saat dərsi demək üçün hər gün evdə 6 saat hazırlaşmalıdır...

 

(musavat.com)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881
avatar

Oxşar yazılar