Dünyanın ən qədim  oteli - eyni ailənin  52-ci nəsli idarə edir
29 iyun 2026 13:53 (UTC +04:00)

Dünyanın ən qədim oteli - eyni ailənin 52-ci nəsli idarə edir

0

Yaponiyada yerləşən və dünyanın ən qədim fəaliyyətdə olan oteli kimi tanınan "Nişiyama Onsen Keyunkan" artıq 1300 ildən çoxdur qonaqlarını qəbul edir. Maraqlısı isə odur ki, bu müddət ərzində otel eyni ailənin 52 nəsli tərəfindən idarə olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, otel eramızın 705-ci ildə yapon aristokratı Fucivara Mahito tərəfindən təsis edilib.

"Nişiyama Onsen Keyunkan" Yamanasi prefekturasında, məşhur Fuci dağının yaxınlığında yerləşir. Buraya çatmaq isə o qədər də asan deyil. Səfərin son mərhələsində qonaqları ətraf kəndlərdən birindən xüsusi mikroavtobus otelə aparır.

Kompleks təsadüfi yerdə tikilməyib. O, təbii termal bulaqların yerləşdiyi ərazidə inşa olunub. Buna görə də oteldəki hər bir hamam otağı birbaşa təbii isti su mənbəyi ilə təmin olunur. Otelin sahibləri binanın tarixi görkəmini qorumaq məqsədilə onu müasir standartlara uyğun şəkildə yenidən qurmayıblar və orijinal memarlığı saxlayıblar.

1300 ildən artıq tarixə malik olan otel bir sıra ağır sınaqlardan da keçib. 1909 və 1916-cı illərdə burada güclü yanğınlar baş verib. 1925-ci ildə isə binalardan birinin üzərinə nəhəng qaya parçası düşüb. 1982-ci ildə baş verən güclü tayfun nəticəsində əsas bina ciddi zərər görüb və sonradan üç dəfə başqa yerə köçürülüb.

"Keyunkan" 2011-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq dünyanın ən qədim fəaliyyətdə olan oteli kimi qeydə alınıb. Müəyyən meyarlara əsasən, bu kompleks həm də dünyanın ən qədim fəaliyyət göstərən müəssisələrindən biri hesab edilir.

Rekordun təsdiqlənməsindən sonra uzun illər sakit və ucqar qalan bu məkan dünyanın müxtəlif ölkələrindən gələn turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdən birinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar