“Seriallara daha çox baxılsın deyə, bloqerlər dəvət edirlər” - Ülviyyə Əliyeva ilə MÜSAHİBƏ
29 iyun 2026 14:08 (UTC +04:00)

“Seriallara daha çox baxılsın deyə, bloqerlər dəvət edirlər” - Ülviyyə Əliyeva ilə MÜSAHİBƏ

0

 

Onunla müsahibə üçün bir neçə gün öncədən gün qərarlaşdırmağa çalışırıq. İş saatları daxilində alınmayan müsahibənin uyğun saata salınması üçün bir neçə dəfə danışmalı oluruq. Axırda yalnız işdən sonra üçün uyğun zaman tapa bilirik, amma iş bitməyib.

***

Əynində səhnə geyimi, üzündə hər zaman gördüyümüz o gülümsəmə ilə bizi qarşılayır.

Müsahibəmiz də elə yuxarıda qeyd etdiyim kimi, həmin səhnəciyin qrim otağında reallaşır.

Çanta, mikrofon, makiyaj dəsti, su və oğlu üçün aldığı şirniyyatı masanın üzərindən götürüb müsahibənin daha səliqəli ortamda meydana gəlməsinə imkan yaradır. Oğlu demişkən, Amini otaqdan çıxartmaq istəsə də, atası ilə getməyə razılaşmır. Elə müsahibəmizin böyük hissəsi Aminin də müşaiyyəti ilə keçir.

20 dəqiqə müsahibə verdikdən sonra 10 dəqiqə səhnəyə çıxmaq üçün qaçır. Fasilələrlə reallaşan müsahibəmiz elə səhnənin yekunlaşmasına - 20:30-a qədər çəkir. Səhnəcik bitəndə şəkil çəkdirmək istəyən tamaşaçıları nəzakətlə “müsahibəmi bitirim, sonra, sizə qurban”, - deyərək yola verməyə çalışır. Mənə də buna görə dəfələrlə üzrxahlıq edir...

 

Lent.az-ın bu dəfəki müsahibi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyevadır.

 

-Deyəsən, bu, yeni işinizdir.

-İlk dəfədir ki, özümü rejisor və senarist kimi sınayıram. Aktrisa olaraq 29 il olacaq ki, sənətdəyəm. Aktyor icraçıdır. İndi komandanın başında dayanıb quruluş vermək məsuliyyətlidir. Şükür, bəhrəsini görürük.

-Bir neçə işdə çalışmağınız maddiyyatla bağlıdır, yoxsa necə?

-Mən həmişə bir neçə işdə çalışmışam. Saat 6-da oyanıram. Axşam 9-da iş saatım bitir, evlə məşğul oluram. Rejimim artıq bu cür formalaşıb. Qətiyyən maddiyyatla əlaqəli deyil. Mən heç vaxt kimləsə əvvəldən qonorar danışmamışam. Təklif gəlirsə, deyirəm ki, çatdıracağam.

-Müsahibədən öncə övladınızı nitq mərkəzinə apardığınızı qeyd etmişdiniz. Hər şey yaxşıdır?

-Sadəcə nitq ləngiməsi var. 3 yaşı olacaq, tənbəldir, danışmır. Amma şükür, indi vəziyyət normaldır.


 

-Özünüzü rejisor kimi sınayırsınız. Bəs sizin ən çətin, yola gedilməyən rejisorunuz kim olub?

-Mən səhnəyə ilk addımlarımı atanda ilk rejisorum, ustadım Hüseynağa Atakişiyev olub. Ondan çox şey öyrənmişəm. Çox rejisorlar görmüşəm, amma hamısı ilə dil tapmışam. Məsələn Ziya Ağa məni “Sara” serialında dramatik rolda çəkib. Ona qədər mən yalnız komediya janrında oynayırdım. Səidə Haqverdiyeva teatr səhnəsində dramatik rolda oynadıb. Bütün rejisorlarla işləmək mənim üçün çətin olub. Çünki rejisor müəllimdir. Hər müəllimdən bir şey öyrənirsən. Amma ad istəyirsinizə, Elvin Mirzəyevin adını verə bilərəm.

-Səbəb?

-“Arşın mal alan” tamaşası bir ilə quruldu. Mən Telli obrazında idim. Sıxıb-sıxıb suyumuzu çıxartmışdı.

-Müsahibələrinizdə maddiyyat məsələsinə tez-tez toxunmusunuz. Təxminən, 10 il əvvəl verdiyiniz müsahibənizin birində qeyd etmişdiniz ki, məvacibiniz olduqca azdır. İndi vəziyyət nə yerdədir?

-Aktyorun qonararı müğənnilərdən fərqli olaraq, həmişə aşağı olub. Bu gün Azərbaycanda çox peşəkar aktyor məktəbi var. Amma bu gün müqayisə etsək, Türkiyə aktyorlarının aldığı qonorar Azərbaycanda yoxdur. Türkiyədə mənim qədər çalışan aktrisanən indiyə qədər nələri var idi. Mənim 3 yerdə çalışaraq aldığım qonorar Türkiyədə setə yeni gələn və epizodik rola çəkilən aktrisanın qonorarıdır. O qədər az. Bəzən bizi Türkiyə aktyorları ilə müqayisə edirlər. Amma bizi müqayisə edəndə kaş, qonorarımızı da müqayisə edələr.

Sözarası fotoqrafımız İlkinə də zarafatla: “Axırıncı dəfə toyumda bu qədər şəkil çəkdirmişəm” (gülür).

-Tamaşaçıların “keyfiyyətsiz” hesab etdiyi ekran əsərləri məhz bu cür maddi məsələlərlə bağlıdır?

-Bəzən deyirlər, Türk serialları belə yaxşıdır, elə yaxşıdır. Bizdə çəkilən seriallar maddiyyata bağlıdır. Məsələn “3 bacı” serialı niyə bəyənildi? Çünki dövlət tərəfindən yaxşı maliyyə buraxılmışdı. Ona görə də yaxşı serial çəkmək üçün senaristə yaxşı pul vermək lazımdır. Yaxşı senarist də yaxşı qiymətə gəlir. Nə vaxta qədər seriallar sponsora bağlı olacaq?! Məsələn, serial çəkirəm, ancaq sponsora bağlıyam deyə, məcburam gənc aktyorları dəvət edim. Yaxud sosialda daha çox baxılsın deyə, bloqerləri dəvət edim. Mən bunun əleyhinəyəm.

-Niyə?

-Çünki sosialda aktivdir, paylaşacaq, reytinq gətirəcək deyə bloqerləri seriallara dəvət edirlər.

-Yəqin ki, aktyorlardan daha baha qiymətə razılaşırlar.

-Mən heç vaxt kiminsə qonorarı ilə maraqlanmamışam. O qədər film var ki, qonorarsız çəkilmişəm. Rejisor işi maraqlı gəlib, qonorarsız çəkilməyə razılıq vermişəm. Amma büdcə aşağıdırsa, sənətkara pul vermək üçün büdcə yoxdursa, o zaman daha gənc aktyorları dəvət edirlər.

-Aktyor aldığı pula görə öz performansını göstərir ki?

-Aktyor onsuz da öz gücünü, oyununu istənilən halda göstərəcək. İnanmıram, hansısa aktyor desin ki, mənə bu gün 5 manat veriblər, 5 manatlıq oynayacağam. Aktyor öz potensialını da göstərir. Amma biri var ucuz rejisor gətirəsən, biri də var keyfiyyətli.

Bu gün ekran işi keyfiyyətli alınmırsa,  səbəbi maddiyyatdır. Əvvəl sponsor tanınmaq üçün televiziyalara gəlirdi. Bu gün sponsorun hərəsinin öz kanalı var. Orada paylaşmağı kifayət edir. Verilişlərimiz zəifdir, seriallarımız azdır - bu sponsorsuzluğun nəticəsidir.

-Amma bu gün insanlarımız daha çox Türkiyə seriallarına baxmağı üstün bilir. Bunu da aktyor işi ilə əlaqələndirirlər.

-Türk seriallarına baxanda görürsən ki, bir epizod neçə fərqli kameradan çəkilir. Yəni, hansı layihəyə ki yaxşı büdcə ayrılır, onlar çox keyfiyyətli olur. Qalanlarında çulumuzu sudan çıxarırıq. Elə serial var ki, ideya yaxşıdır, xoşuna gəlir gedirsən, görürsən, büdcə qurtarır axı. Başlayırsan, çulunu sudan çıxartmağa. Aktyor seriallara mütləq çəkilməlidir. Çünki bu gün aktyor təkcə teatrla tanınmır.

-Sizi də daha çox yaratdığınız “Keyxanım” obrazı ilə tanıyıblar. Bəzən real həyatda da bu cür müraciət edirlər. Bunu özünüzə təhqir hesab edirsiniz?

- Əsas odur ki, həyatda Keyxanım deyiləm. Tamaşaçılar məni o rolla sevdilər. Obraz olaraq mənə uğur gətirdi. Allah Oqtay Əliyevə rəhmət eləsin. Məni televiziyada aparıcı kimi yetişdirən də o oldu. Bir gün məni otağına çağırıb dedi ki, sən “Zəhmətkeş ulduzlar” verilişini aparacaqsan. Demədi ki, apara bilərsən? Dedi, aparacaqsan. Dedim, bacarmaram. Mənə dedi ki, burada nə var? Çətin deyil. Hətta biz ilk verilişimizdə salamlaşma hissəsini düz 45 dəqiqəyə çəkdik. Ondan sonra yavaş-yavaş püxtələşdim. Verilişlərdən sonra rejisorla əsirdik ki, Oqtay müəllim zəng edib nəsə deyəcək. Onun sayəsində bu gün aparıcı olaraq rahat çalışa bilirəm. Bu mənim üçün Oqtay Əliyevin qoyduğu məktəb idi.

-Bəs indiyə qədər oynadığınız hansı rol sizə daha yaxın olub və təsir edib?

-Son dramatik rollarımdan biri Nəriman Həsənzadənin həyatına həsr olunan “Nərdivan” musiqili dram tamaşası. Mən burada Nəriman Həsənzadənin həyat yoldaşı Sara xanımı canlandırmağa çalışmışdım. O tamaşa mənə çox təsir etmişdi. Çünki Sara xanımla mənim ortaq cəhətlərimiz həddən artıq çox idi. Mən orada demək olar ki, ruhumu oyanmışdım.

Deməli, Nəriman Həsənzadəni Yazıçılar Birliyində ittiham edirlər. Sara xanım bunu eşidən kimi əsl Azərbaycan xanımı olaraq öz yoldaşını müdafiə edir. Yazıçılar Birliyində çılğın bir çıxışı olur və bundan sonra hamı onu alqışlayır. Oradan çıxandan sonra ürəyi gedib yıxılır. Elə bu hadisədən sonra xərçəng tapır. Hətta oradan və hamını duyğulandıran bir anı bölüşmək istəyirəm. Sara xanım müalicə aldığı dönəmlərdə Nəriman Həsənzadənin bir şeirini oxuyur: “Bir insan ömrünü qurban vermişəm, bir şair ömrünü yaşatmaq üçün”. Sara xanım baxır deyir ki, Nəriman, bu, yeni şeirindir? Və qələmi götürüb bunu dəyişdirir: “Bir qadın ömrünü qurban vermişəm, bir şair ömrünü yaşatmaq üçün”. Mən bütün bunları öyrənmək üçün onların qızı Xatirə xanımla danışırdım. Məsələn, yoldaşına Nəriman deyil, “Nərman” deyirmiş.

Tamaşanı bitirdikdən sonra o məsuliyyət, o gərginliklə səhnədən çıxdım və ağlamağa başladım. Həm yorğunluq, həm məsuliyyət hissi ilə göz yaşlarım töküldü. Onun kimi birinin həyatını oynamaq həm də çətin idi. Tamaşadan sonra 10-15 dəqiqə izdiham dayanmadı. Hamı çox bəyənmişdi. Tamaşadan sonra Xatirə xanımı görmədim. Gecə 1-in yarısı Xatirə xanım mənə yazıb təşəkkür etdi. Dedi ki, tamaşadan sonra hər kəs üzərimizə gəlirdi deyə, arxa qapıdan çıxmalı olduq.  Bu rol mənim üçün unudulmaz idi.

-Həm komediya, həm dramda oynamasınız. Hansı daha çətindir?

-Komediya ülgüc kimidir. Komediya edəndə ülgücün üzərində gəzirsən. Artıq etsən şit olacaq, az etsən, gülməli olmayacaq. Ülgücün üstü ilə gedirsən ki, sağlam yumoru çatdıra biləsən. Dramı hər kəs oynaya bilər. Hamı daz yaza bilər. Guya, yasda oturan hamı ölü üçün ağlayır? Hərə öz ölüsü üçün ağlayır. Komediya elədir ki, sən gəl, dərdli insanı güldür. Komediya daha çətindir. Bu gün keyfiyyətli komediya yazanlar da çox azdır. Hər adam onu yaza bilmir.

-Bəzi adamlarda “şit” alındığını dediniz. Məsələn kimlərdə?

-Hə, deyirəm, yaz bir-bir adları. Məni niyə camaatla düşmən edirsən, ay bacı? (Gülür)

Yeri gələndə mən də kiməsə bayağı görünə bilərəm. Kimsə bu sənəti sevib gəlib. Nə edək ki, bu gün Hüseynağa Atakişiyev yoxdur? Nə edək ki, yeni gələnlərin şansına elə “şit” yazan kimi biri düşüb? Mənim vokal səsimi Hüseynağa Atakişiyev kəşf edib. Ondan 3 ildə öyrəndiyimi 30 ildir xərcləyirəm.

-Deyəsən, əvvəl həkim olmaq istəmisiniz. Aktrisa olmaq qərarına necə gəldiniz?

-9-cu sinifə qədər həkim olmaq istədim. Sinifin tibb bacısı mən idim və ilk tibbi yardım üçün nə var idisə, varım idi. Sonra başa düşdüm ki, həkim peşəsi çox məsuliyyətlidir. Birdən yanlış diaqnoz qoyaram deyə fikirləşərək həkim olmaqdan imtina etdim. Amma indi düşünürəm ki, mən çox gözəl həkim olardım. Çünki mən insanları hiss edirəm və onlar əlimdə tez sağalır. İynə vura, banka qoya bilirəm. Qan almağı bilmirəm, amma yaxşı qan içməyim də var. Zarafat edirəm (gülür). Mən gəlib evdə deyəndə ki aktrisa olmaq istəyirəm, evdə boşqablar göydə uçdu. Heç də peşman deyiləm.

-Yeri gəlmişkən, Dilarə Əliyeva ilə görüşüb danışırsınız?

-Hamımızın öz ailə qayğılarımız var. Bununla belə, danışırıq, vaxt olduqca görüşürük. Bir-birimizlə maraqlanırıq.

-Sizi hər kəs “üç bacı” kimi xatırlayır. Tünzalə Əliyevanın övladı ilə necə, danışırsınız?

-Elə bir gün yoxdur ki, Tünzalə yada düşməsin. Gün ərzində ən azı 5 nəfər məni yolda saxlayıb "Allah Toppuş bacıya rəhmət eləsin",- deyir. O, yaşamalı qadın idi. Son günə qədər zarafatından qalmırdı. Sizə bir şey danışım, gülün. Deməli, Tünzalə, Dilarə, mən yasa gedəndə mütləq başımıza bir hadisə gəlirdi. Tünzalənin yasında oturub ağlayıb dərdləşirdik. İnanın ki, millət var idi. Allah Mədəniyyət Nazirliyindən razı olsun ki, xərcləri öhdəsinə götürmüşdü. Yoxsa biz onun öhdəsindən gələ bilməzdik. Biz yaslarda çox görmüşük ki, ölü qalıb qıraqda, laqqırtı vururlar. Amma Tünzalənin yasında qətiyyən elə şeylər olmadı.. Sakitlik var idi. Gördüm, axın çoxdur. Dilarəyə dedim ki, kişilər tərəfdə qadınlara nisbətən adam azdır. Dedim, əgər bu tərəfdən axın çox olsa, o biri tərəfə yola salaq. Bir də gördüm, Dilarə gəldi ki, mən sənə nə deyim axı? Dedim, nə olub? Sən demə, o biri məclisə keçib deyib ki, çox sağ olun, gələn ayaqlarınız var olsun. Deyir, bunu deyəndə gördüm ki, camaat mənə birtəhər baxır. Şəkilə baxıb ki, başqasının yas mərasimi olduğunu görüb. Vəziyyətdən çıxmaq üçün deyib ki, Allah sizin də öləninizə, bizim də ölənimizə rəhmət eləsin.

Yəni, Tünzalə son vidasında belə, bacılıq ənənəsini itirmədi. Allah Röyal qardaşımıza can sağlığı versin ki, bacımızın əmanəti Zəhramızı böyütsün. İbtidai sinifi əlaçılıqla bitirdi. Çox ağıllı qızdır. Müntəzəm olaraq danışırıpq. Deyir, səni yormuram? Deyirəm, sən mənə bacımın əmanətisən, yormazsan.

-Son olaraq, bir şəxsi sual vermək istəyirəm. Birinci evliliyinizin xəyanət səbəbilə bitdiyi yazılırdı. Özünüz buna aydınlıq gətirmək istəyərsiniz?

-Gizlədiləsi bir şey yoxdur. Ayıb bir işimiz olmayıb. Birinci də mən deyiləm, axırıncı da. Onun uşaqlarını çox istəyirəm. Səhnə arxasında, gözümüzün qabağında böyüyür. Bu, Allahın verdiyi sınaq idi. Şükür, mən o sınaqdan alnıaçıq çıxmışam. Amma əlavə məlumat danışıb onun övladlarının ürəyinə xal salmaq istəmirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar