Milli Məclis bir sıra hakimlərin təyinatı məsələsinə baxıb
02 iyul 2013 12:46 (UTC +04:00)

Milli Məclis bir sıra hakimlərin təyinatı məsələsinə baxıb

Bu gün Milli Məclisdə bir sıra hakimlərin təyinatı məsələsinə baxılıb.

Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, hazırda məhkəmələrdə 86 vakansiya var.

Əli Hüseynli qeyd edib ki, indiki təyinatdan sonra yuxarı instansiya məhkəmələrinə vakansyia yeri qalmayacaq. Onun sözlərinə görə, hazırda Ali Məhkəməyə 10, Naxçıvan Ali Məhkəməsinə 6, Bakı Apelyasiya Məhkəməsinə 5, Şirvan Şəhər Apelyasiya Məhkəməsinə 3, Gəncə Şəhər Apelyasiya Məhkəməsinə 5, Şəki Şəhər Apelyasiya  Məkəməsinə 4, Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinə 6 vakansiya var. Bu gün 57 hakim ali və apelyasiya məhkəmələrinə təyinat alacaq. Bunların bir qismi yenidən öz vəzifələrinə təyin olunur.

Millət vəkili Fazil Mustafa hakimlərin maaşlarının aşağı olduğunu bildirib: “Hakimlərin təhlükəsizliyinin qorunması məsələsi Azərbaycanda həllini tapmayıb. İkincisi, onlara 40 gün məzuniyyət və məzuniyyətə görə müavinət verilir. Onlara məzuniyyət dövründə maaş verilməsi də yaxşı olardı”.
Fazil Mustafa bildirib ki, general Şıxlınskinin qəbri Yasamalda baxımsız vəziyyətdədir, Mehmandarov unudulub: “Rusiya artilleriyasının Allahı” adlandırılan Şıxlinskinin məzarının baxımsız qalması anlaşılmazdır. Bu gün Azərbaycanda çoxlu sayda generallar var, Allah canlarını sağ etsin. Yaxşı olar ki, o generallar haqqında danışdığım generalları unutmasınlar”.

Millət vəkili İqbal Ağazadə siyasi cəhətdən aktiv olan insanlar barədə dərhal həbs qəti-imkan tədbirinin seçilməsinə toxunub: “Məsələn, Yadigar Sadıqov həbs edilib. Maraqlanmayıblar ki, Yadigar Sadıqov barədə şikayət edən kimdir?! Bu adam “ştat”la üzə durandır. Mən çox istərdim ki, yeni təyin olunan hakimlər özlərini müstəqil hiss edib, prokurorluqdan asılı olmasınlar. Hakimlər bir nəfərin həbsdən azad olunması barədə qərar verir, prokurorluq protest verirsə, prokurorluğun protesti əsas götürülür. Fazil bəy qeyd etdiyi kimi, hakimlərin, xüsusən aşağı instansiya məhkəmələrinin hakimlərinin maaşı çox aşağıdır, 600 manata yaxındır. Belə aşağı maaşla hakimlərdən müstəqillik, ədalət tələb etmək də çətindir. Tofiq Yaqublu, Yadigar Sadıqov, İlqar Məmmədov, NİDA-çılar və digərləri azadlığa buraxılsınlar”.

Spiker Oqtay Əsədov bildirib ki, ədliyyə sistemində böyük islahatlar gedir: “Ədliyyə sistemində böyük işlər görülür. Ədliyyə Nazirliyində ictimaiyyətlə əlaqə ilə bağıl qurum varsa, bu işlər ictimaiyyətə çatdırılmalıdır”.


Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Oxşar yazılar