Milli Məclisinin payız sessiyasında Azərbaycan idmanında danışılmış oyunlarla mübarizə haqqında qanunun müzakirəsi gözlənilmir. Bu barədə Lent.az-a millət vəkili, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev bildirib.
Onun sözlərinə görə, belə qanunlar adətən, böyük ölkələrdə qəbul olunur: “Azərbaycanda isə 5-6 güclü komanda var. Onlar arasındakı oyunlarda danışılmış nə ola bilər? Nə vaxtsa, təkcə Premyer Liqada deyil, I və II liqalarda da rəqabət yaransa, belə bir qanuna ehtiyac yaranar. İndiki halda isə danışılmış oyun ortaya çıxsa belə, AFFA İntizam Komitəsi tədbir görə bilər”.
Digər tərəfdən, Abiyev hazırkı qanunvericilikdə danışılmış oyunlarla bağlı heç bir maddənin yer almadığına da diqqət çəkib: “Belə bir qanun qəbul olunsa, orada danışılmış oyunlara qarşı sərt cəzalar yer alacaq. Düzdür, hələ bizə bu cür qanun layihəsi gəlməyib”.
Qeyd edək ki, ötən gün Rusiya Duması “Danışılmış oyunlarla bağlı” Qanunu 3-cü oxunuşda qəbul edib. Həmin qanunda idmançılar, hakimlər, məşqçilər, komanda rəhbərləri, digər iştirakçılar və ya yarış təşkilatçılarının satın alınmasına qarşı sərt tədbirlər nəzərdə tutulub. Sənədə əsasən, danışılmış oyunlar təşkil edənə 7 ilədək həbs və 1 milyon rubladək cərimə kəsiləcək. Eyni zamanda idmançılar, məşqçilər və hakimlərin totalizatorda oynaması və öz idman növlərinə bukmeyker kontorlarında pul qoyuluşu etməsi qadağan olunub. Bukmeykerlər isə azart oyunları iştirakçılarının uçotunu aparmalı və vergi orqanlarını məlumatlandırmalıdırlar.