Mətbuat Şurasının (MŞ) 2013-cü ildə gördüyü işlərə dair hesabat konfransı keçirilib. Bu barədə Lent.az-a MŞ-dan məlumat verilib.
Şura sədri Əflatun Amaşov bildirib ki, ötən il rəhbərlik etdiyi quruma ümumilikdə 610 müraciət daxil olub. 610 müraciətdən 423-ü bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. Şikayətlərdən 192-i ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət idarə müəssisə və təşkilatlarının təmsilçilərindən, 56-ı özəl müəssisələrdən, 21-i ictimai qurumlardan, 19-u siyasi partiyalardandır.
2013-cü ildə Şuraya daxil olan şikayətlərin 241-i katiblikdə həllini tapıb, 182-nə komissiyalarda baxılıb. Bunlardan 105-i Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 11-i İnternet media resursları üzrə Komissiyada, 10-u Sosial-iqtisadi komissiyada araşdırılıb.
Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Ayrı-ayrı KİV-lə bağlı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-in peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub.
MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də çıxışında Şuranın ötən il kifayət qədər məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb və bununla bağlı konkret misallar çəkib. MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Şuranın qəzet yayımı ilə bağlı məsələlərdə aktiv rol oynadığını diqqətə çatdırıb. Bununla belə son vaxtlar mövcud sahədə bir sıra problemlərin də yarandığından bəhs edib. Baş redaktor əldə yayımın aradan qaldırılmasının qəzetlərin maddi durumuna mənfi təsirini qabardıb.
MŞ İdarə Heyətinin üzvləri çıxış edib. Onlar MŞ-nın 2013-cü ildəki fəaliyyətini müsbət dəyərləndiriblər.