“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” prezident sərəncamı ölkəmizdə informasiya təhlükəsizliyinin təminatı baxımından həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsi baxımından son dərəcə mühüm addımdır.
Mətbuat Şurasının adının belə bir vacib sənəddə yer almasını dövlət başçısının Şuranın fəaliyyətinə olan inamının nəticəsi olaraq qiymətləndiririk. Çalışacağıq ki, üzərimizə düşən missiyanı layiqli şəkildə yerinə yetirək”. Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, avqust ayında cəbhə xəttində yaşanmış gərginlik ölkəmizin media vasitələrinə də sirayət edib, nəticədə bir sıra kütləvi informasiya vasitələri, o cümlədən internet xəbər portalları cəmiyyətə yanlış məlumatlar çatdırıblar: “Bu isə bütövlükdə cəmiyyətin ahənginin dəyişməsinə səbəb oldu. Cənab Prezidentin imzaladığı sərəncam isə məhz cəmiyyətin maraq və mənafelərinin təminatına yönələn niyyətin fundamental, sistemli ifadə tərzi kimi meydana çıxıb. Atəşkəsin pozulduğu zaman kəsiyində cəbhə xəttindəki vəziyyətlə əlaqədar məlumatların insanlarımıza necə təsir etdiyini gördük. Təəssüf ki, bir sıra internet portallar, sosial şəbəkələrdə aktivlik göstərən müəyyən şəxslər məsələnin həssaslığına diqqət yetirmədilər. Əsas məsələlərdən biri də bu oldu ki, həmin yanlış informasiyalar sonradan düşmənin manipulyasiya predmetinə çevrildi”.
Ə.Amaşov eyni zamanda bildirib ki, Mətbuat Şurası hərbi sahədə milli təhlükəsizliyimizə xələl gətirə bilən məlumatların KİV-də, internet resurslarda və sosial şəbəkələrdə yayılmasının qarşısının alınması üçün paytaxtda və eləcə də ölkəmizin müxtəlif bölgələrində müvafiq işlər görəcək: “Bunu müxtəlif üsullarla, o cümlədən yerlərdə maarifləndirilmə tədbirlərinin aparılması ilə reallaşdırmağı düşünürük. Eyni zamanda internet xəbər portalları rəhbərlərinin, media ekspertlərinin iştirakı ilə konfrans və dəyirmi masalar təşkil edəcəyik. “Müxtəlif tematik tədbirlərlə məsələni davamlı şəkildə cəmiyyətin, o cümlədən medianın nəzərində saxlamaq vacibdir. Mətbuat Şurası paralel olaraq cəbhə xəttindəki vəziyyətə dair məlumatları qruplaşdıracaq, onların təqdimatındakı xüsusiyyətləri də diqqətdə saxlayacaq. Hazırda mövcud istiqamətdə tədbirlər planı hazırlanır və yaxın günlərdə ölkə rəhbərliyinə təqdim ediləcək. Ümid edirəm ki, sərəncamdan irəli gələrək görəcəyimiz işlər Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyasının hazırlanması prosesinə media ictimaiyyətinin töhfəsi baxımından əhəmiyyət daşıyacaq”.