“Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili göstərir ki, ötən il ali təhsil müəssisələrinin qəbul planının 7.28%, ərizələrin sayının isə cəmi 0.06% artması ümumilikdə müsabiqə vəziyyətində 6.73% azalmaya səbəb olub”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, müsabiqə vəziyyəti I ixtisas qrupundan başqa digər ixtisas qruplarında aşağı düşüb. “Bu, özünü III və IV ixtisas qruplarında daha qabarıq şəkildə büruzə verir. 2013-cü ildə ən yüksək müsabiqə vəziyyəti I ixtisas qrupunda (3.18) özünü göstərib. “Müsabiqə vəziyyətinə görə, ikinci yerdə III ixtisas qrupu (2.79), sonrakı yerlərdə isə IV ixtisas qrupu (2.68) və II ixtisas qrupu (2.28) gəlir. Göründüyü kimi, keçən il ali təhsil müəssisələri üzrə ən aşağı müsabiqə vəziyyəti II ixtisas qrupunda olub. 2012-ci ildə müqayisədə I ixtisas qrupu üzrə müsabiqə vəziyyəti bir qədər yüksəlib, digər qruplarda isə aşağı düşüb. III və IV qruplar üzrə müsabiqə vəziyyətinin aşağı düşməsinə səbəb plan yerlərinin sayının artması və bunun əksinə olaraq bu qruplara ərizə verənlərin sayının azalması olub. II qrupda ərizə verənlərin sayının ötən ilə nəzərən artmasına baxmayaraq (0.81%), plan yerlərinin sayının nisbətən daha çox artması (8.49%) bu qrupda da müsabiqə vəziyyətinin aşağı düşməsinə səbəb olub. I qrupda isə ərizə verənlərin sayının (9.99%) plan yerlərinin sayına (3.10%) nisbətən daha çox artması nəticəsində müsabiqə vəziyyəti yüksəlib. M. Abbaszadə bildirib ki, ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var: “I qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür. I qrupda abituriyentlərin nisbi çəkisinin bu qrup üzrə ayrılmış qəbul planının nisbi çəkisindən yüksək, II qrupda isə bunun əksinə olaraq qəbul planının nisbi çəkisinin yüksək olmasına baxmayaraq real müsabiqə vəziyyəti I qrupda heç də yüksək olmayıb. Buna səbəb I ixtisas qrupuna ərizə verən bir çox abituriyentlərin hazırlıq səviyyələrinin II ixtisas qrupuna ərizə verən abituriyentlərin hazırlıq səviyyələrindən aşağı olmasıdır”.
Məleykə Abbaszadə: “...hazırlıq səviyyəsi aşağıdır”
792