Təhsil Nazirliyi tərəfindən ümumtəhsil sistemini idarə edənlər üçün 3 aylıq hazırlıq kursları həyata keçiriləcək. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, həmin kurslara gələn ilin əvvəlindən başlanacaq. M. Cabbarovun sözlərinə görə, hazırda nazirlik tərəfindən həmin kurslar üçün seçim həyata keçirilir: “Hər bir peşəkar bu kurslara könüllü şəkildə müraciət edə bilər. Kursların nəticəsində yeni reallığa, idarəetmə qabiliyyətinə, biliyə malik olan insanlar yetişdiriləcək. Bu kurslarda hazırda məktəb direktoru işləyən insanlar da iştirak edə bilər”.
M. Cabbarov qeyd edib ki, gələcəkdə məktəb direktorlarının işə təyinatı və seçimi müsabiqə ilə həyata keçiriləcək. Onun sözlərinə görə, direktorların işə qəbulu üzrə müsabiqədə tətbiq olunan meyarlar açıq və şəffaf olacaq.