Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak ediblər.
APA-nın xəbərinə görə, M.Əliyeva 246 nömrəli körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, bağçanın əvvəlki binası 1985-ci ildə tikilib. Bina son illər yararsız vəziyyətə düşüb və əsaslı təmirə ehtiyac yaranıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilib. Tikinti işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Nəticədə 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb.
Bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcək. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyüməsi üçün lazımi şərait yaradılıb. Bu uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilib. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə edilib. Həyətyanı sahə abadlaşdırılıb, 4 500 kv. metr sahədə yaşıllaşdırma işləri aparılıb, oyun meydançaları və köşklər qurulub.
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında da iştirak ediblər.
Azərbaycanın birinci xanımı bağça binasının əsaslı yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, 1976-cı ildən fəaliyyət göstərən bağça və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ildə başlanıb. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılıb.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan 120 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaq. İkimərtəbəli bağçada 6 qrup var.
M.Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlanıb. Məlumat verilib ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunub və yenidən qurulub.