Mehriban Əliyeva “Qala festivalı”nın açılışında iştirak edib
30 may 2014 18:20 (UTC +04:00)

Mehriban Əliyeva “Qala festivalı”nın açılışında iştirak edib

Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar. Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran M. Əliyeva sərgilənən işlərlə yaxından tanış olub, rəssamlarla fikir mübadiləsi aparıb.

 

 
Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə keçirilən sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdirilir.


Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilir.


Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.


Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıntıları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.


Qeyd edək ki, bu beynəlxalq tədbirin Qala qəsəbəsində 3-cü dəfədir keçirilir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” pilot layihəsini həyata keçirir.


Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. İyunun 3-dək davam edəcək sərgini izləmək istəyən hər kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdən - Qoşa qala qapısının önündən saat 12:00 və 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Oxşar yazılar