Bu aksiya təkcə dərvişlərlə pis rəftara deyil, həm də İranda ən böyük sufi qrupu olan Nemətullahi Gunabadi-yə dövlət təzyiqinə etirazdır. Qrupun İranda 2 milyon üzvünün olduğu bildirilir.
Lent.az-ın məlumatına görə, sufilər haqqında xəbərlər yayan «Majzooban» saytının baş redaktoru Fərhad Nuri AzadlıqRadiosuna Avstraliyadan telefonla deyib ki, dərvişlər ədalət istəyir:«Onlar İran vətəndaşları üçün bərabər hüquqlar təsbit edən İran Konstitusiyasının yerinə yetirilməsini istəyirlər. Bəzi orqanlar və rəsmilər ona hörmət etmir, nəticədə dərvişlər və onların hüquqları tapdanır».
Dinin siyasətdən ayrılması
Son illər dərvişlər hədələnir, həbs olunur, təhlükəsizlik ittihamları ilə saxlanır, ibadət yerləri dağıdılır. Onlar inanırlar ki, təzyiqlərin əsas səbəbi populyarlıqlarının artması və inanclarıdır – yəni, dinin siyasətdən ayrılması. Təzyiq əvvəlki administrasiya dövründə artıb. Nouri deyir ki, dərvişlər prezident Həsən Ruhaninin hökumətində vəziyyətin yaxşılaşacağına ümid edirdilər.
Ötən ay dərvişlər Ruhaniyə açıq məktub yazıblar, üzləşdikləri təzyiqlərdən bəhs ediblər. Onlar İran mediasının «xəbər boykotu»ndan da yazıblar.
Nuri deyib ki, Ruhani hakimiyyətə gələndə bütün iranlılara verdiyi vədlər müəyyən ümid yaratsa da, indi onlar puça çıxır:«Təəssüf ki, təhlükəsizlik orqanlarında dərvişlərə təzyiq göstərən dairələr qalmaqdadır və Ruhani açıq-aşkar bununla bağlı heç nə edə bilmir. Onun hakimiyyətə gəlməsindən sonra dərvişlərə bir sıra hökmlər çıxarılıb».