Mədət Quliyev: “7 müəssisənin rəisi vəzifədən azad olunub”
08 fevral 2013 18:18 (UTC +04:00)

Mədət Quliyev: “7 müəssisənin rəisi vəzifədən azad olunub”

Fevralın 8-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumat verilib. Müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak etmişlər.

 

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev qurumun 2012-ci ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi üzrə işləri, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, xidmətin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən məhkumların təhlükəsiz müşayiəti üçün zəruri avadanlıqda təchiz olunmuş xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi istiqamətində görülən əməli tədbirləri qeyd edib.

 

Bildirilib ki, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılması üzrə konkret tədbirlər görülmüş, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 164 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 7 müəssisənin rəisi və 24 işçisi tutduqları vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib.

 

Bununla yanaşı, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 192 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılmış, habelə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilərək 2012-ci ildə aparılmış əməliyyat-baxış tədbirləri nəticəsində 28.500 manata yaxın pul, 136 litr spirtli içki, 121 mobil telefon, 447.7 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülmüş və həmin faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

 

Məhkumların tibb təminatının xeyli yaxşılaşdığı vurğulanaraq penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının 1995-ci illə müqayisədə 35 dəfə aşağı düşdüyü qeyd olunub, bu sahədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək 2012-ci ildə bir çox ölkələrin, o cümlədən İngiltərə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Filippin və İraqın nümayəndələrinin ölkəmizə tanışlıq səfərinə gəldikləri diqqətə çatdırılıb.

 

Nazir görülmüş işlərə baxmayaraq, aparılmış yoxlamalar və təhlillərin, daxil olan şikayət və siqnalların penitensiar müəssisələrdə narahatlıq doğuran nöqsanların olmasına dəlalət etdiyini bildirib, ölkə prezidentinin bu ilin yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi barədə ciddi tapşırıqlarını diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1937
avatar

Oxşar yazılar