“Qasırğanın gücü 9 ballıq sistemlə 6 bal qiymətləndirilir və bu, kifayət qədər güclü maqnit qasırğasıdır”
“Son günlər geomaqnit fəallığı yüksək dərəcədə artıb. Ötən həftə ərzində və hal-hazırda Günəşin səthində müşahidə olunan çox iri ölçülü tac dəliyinin olması buna dəlalət edir ki, yaxın günlərdə geomaqnit həyəcanlanması və nəticə olaraq geomaqnit qasırğası baş verəcək. Bu isə iyunun 3-ü və 4-nə gözlənilirdi. Lakin mayın 31-dən iyunun 1-nə keçən gecə ərəfəsində qəfildən geomaqnit həyəcanlanması o dərəcəyə çatdı ki, hətta geomaqnit qasırğası belə baş verdi və 1 iyun tarixində bütün gün davam etdi. Bu qasırğanın gücü Kp indeksi üçün olan 9 ballıq sistemlə 6 bal kimi qiymətləndirildi və bu, kifayət qədər güclü maqnit qasırğası sayıla bilər”.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, ilkin analizlər göstərib ki, bu prosesin səbəbi planetlərarası fəzada yaranan zərbə dalğası ola bilər: “Lakin zərbə dalğasının səbəbi hələ məlum deyil. Bəzi fikirlərə görə, Günəşin hansısa hissəsində alışmadan sonra plazma tac kütləsi atılıb və o, Günəşi izləyən cihazlar tərəfindən qeyd olunmayıb. Digər səbəb kimi həmin ərəfədə planetlərarası maqnit sahəsinin cənub istiqamətini göstərməsi ola bilər. Bunlar hamısı geomaqnit fəallığının artmasına və geomaqnit qasırğasının yaranmasına səbəb olan faktorlardandır. Qasırğa iyunun 1-də bütün günü, hətta iyunun 2-də günün birinci yarısında da baş verib. Hazırda nisbi sakitlik olmasına baxmayaraq, bu gün və sabah yenidən həyəcanlanmanın artacağı gözlənilir. Bunun səbəbi isə Günəşin səthində olan çox böyük ölçülü və geoeffektiv şəkildə yerləşmiş tac dəliyindən yüksək sürətli plazma küləyinin Yerə doğru yönəlməsidir. İyunun 1-də olan geomaqnit fəallığı Yer kürəsinin şimal en dairələrində daha yaxşı müşahidə olunub. Tək Kanada deyil, Amerikanın şimalında yaşayan insanlar da qütb parıltısını müşahidə ediblər”.
E. Babayev deyib ki, hazırda Günəşin səthində orta səviyyəli alışma fəallığı var: “Günəşin səthində irili-xırdalı 76 ləkə müşahidə olunur. Bunlar 5 ləkə qrupunda cəmlənib. Onların içərisində ölçüsü böyük olan və mürəkkəb maqnit quruluşuna malik 1762 nömrəli ləkə qrupu digərlərindən seçilir və ara-sıra orta səviyyəli olsa da belə, alışmalar generasiya edir. Hazırda tac dəliyindən çıxan plazma küləyinin sürəti saniyədə 750 km-dir. Bu isə ona gətirib çıxarır ki, artıq geomaqnit qasırğasının baş vermə ehtimalı əlavə olaraq 40 faiz də artıb. Bu qasırğa bu gün və sabah baş verə bilər. Göründüyü kimi, heç də həmişə Günəş alışmaları geomaqnit həyəcanlanmasının yeganə səbəbi deyil. Bu, mürəkkəb bir prosesdir. Günəşin fəallığından, planetlərarası maqnit sahəsinin vəziyyətindən, tac dəliklərindən yüksək sürətli plazmanın Yerə və başqa planetlərə yönəlməsindən, zərbə dalğasının yaranmasından, planetlərarası maqnit sahəsinin istiqamətindən və s.-dən asılı olaraq Yer kürəsi ətrafında maqnit sahəsinin vəziyyəti dəyişə bilər”.
E. Babayev Günəşdə baş verən proseslərin insanların sağlamlığına təsirinə də aydınlıq gətirib: “Əslində bu prosesin sağlam insanlar üçün heç bir qorxusu yoxdur. Əksinə bəzi tədqiqatlar göstərir ki, bəzi insanlarda bu, gümrahlıq hissi yarada bilər. Amma risk qrupuna daxil olan insanlar - xroniki xəstələr, yaşlı insanlar və uşaqlarda diskomfort yaranmasına səbəb ola bilər. Bəzi insanlarda impulsiv baş ağrılarının olması, düşkünlük hissi, hər bir şeyə tez qıcıq vermə ehtimalının artması mümkündür. Risk qrupuna daxil olan insanların bu ərəfədə həkim məsləhəti ilə profilaktik tədbirlər görməsi tövsiyə olunur. Günəş özünün fəallığının maksimumuna yaxınlaşır. Günəş fəallığının maksimum ilində, yaxud bundan 2-3 il qabaq və sonra geomaqnit fəallığı da özünün maksimumuna çatır. Bunlar hamısı təbii olan proseslərdir. Sadəcə, hazırda dolğun və səhih informasiya əldə etmək imkanları artıb. İnsan doğulandan Yer kürəsinin maqnit sahəsinə və onun şıltaqlıqlarına uyğunlaşır. İnsanlar yaş dövründən və əhval-ruhiyyəsindən asılı olaraq bu təsirlərə müxtəlif dərəcədə məruz qala bilir”.