2014-cü ildə magistraturaya qəbul imtahanının I mərhələsinin mart ayının əvvəlində, II mərhələsinin isə mayın sonlarında keçirilməsi nəzərdə tutulur. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər. Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dillərini də seçə bilərlər.
Filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
Regionşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini, regionşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər.
Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.
Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında təyin olunacaq vaxtda “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına müvafiq sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.