Bu gündən iyunun 1-dək ali təhsil müəssisələrinin magistratura səviyyəsinə internet vasitəsilə ixtisaslaşma seçimi aparılacaq. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. O qeyd edib ki, ixtisaslaşma seçimində 2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak edə bilərlər.
“Bakalavrlar “Bakalavrın elektron ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər. Eyni ixtisaslaşma kodu iki dəfə daxil edilə bilər. Lakin bu halda kodların qarşısındakı qeydlər (dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla) mütləq fərqli olmalıdır”.
Mətbuat katibi onu da vurğulayıb ki, ixtisaslaşma kodlarının sayını və ardıcıllığını bakalavr özü müəyyənləşdirir. “Seçilmiş ixtisaslaşma kodlarının ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Müsabiqəyə yalnız müəyyən edilmiş müddət ərzində “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar”.