APA TV-nin məlumatına görə, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində baş tutub. Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 1-dən 8-dək aparılıb. Onlar qeyd olunan müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər. Bu hüquqa malik olan bakalavrlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Bakalavrların 4269 nəfərini oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali təhsil müəssisələrinin bu ilki, 4058 nəfər əvvəlki illərin məzunudur. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 13, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunması üçün 70 imtahan rəhbəri, 733 nəzarətçi-müəllim ayrılıb. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.