Mafiya: təriqət, sekta, yoxsa cinayətkar sinif? - ARAŞDIRMA
17 may 2013 14:30 (UTC +04:00)

Mafiya: təriqət, sekta, yoxsa cinayətkar sinif? - ARAŞDIRMA

- Platon, mənə de görüm, Xaos (nizamsızlıq) və Təşkilat (intizam) ayrı-ayrı şeylər deyilmi?

- Xaos və Təşkilat eyni şeylərdir. Bunlar yalnız yarananda ziddiyyətli təsiri bağışlayırlar… Xaos əbədi olaraq doğulan, Həyatı yaşadan və qoruyan qüvvədir…

Platonun Diostratla söhbətindən

 

 

Hə, mövzumuzla bağlı bir az fəlsəfi düşünsək, görərik ki, Platon düz deyir. Və bir az irəli gedib cəsarətlə demək olar ki, bəli, Xaos Təşkilat yarada bilər, xaosdan xaos yox, təşkilat doğular. Araşdırmasına başladığımız mafiya kimi… Axı, çoxlarını düşündürən sualdır: barəsində qan qoxuyan filmlər çəkilən, qorxulu kitablar yazılan mafiya nə vaxt, hansı səbəbdən, kim tərəfindən yaranıb, ümumiyyətlə, bu gün geniş şəkildə istifadə olunan “mafiya” sözünün mənası nədir?

 

"Morete Alla Francia, İtalia Anela"?

 

Amma bəri başdan onu deyim ki, mafiyanın dəqiq yaranma tarixini müəyyənləşdirmək indiyə qədər heç bir tədqiqatçıya nəsib olmayıb. Məhz buna görə, ədəbiyyatlarda bu sözün mənası, həmçinin mafiyanın bir qurum kimi yaranma səbəbiylə bağlı müxtəlif fərziyyələrə, fikirlərə rast gəlmək mümkündür. Biz araşdırmamızda əsasən Mikkele Poqtaleonenin “Mafiya: dünən və bu gün”, Qular Didyenin “Mafiya tarixi” araşdırmalarından, “Mafiya Ensiklopediyası” kitabından yararlanacağıq.

Mafiyanın yaranmasıyla bağlı əsas fərziyyələrdən birinə görə, bu qurumun əsası XIII əsrdə Siciliya xalqının fransız işğalçılarına qarşı üsyana qalxdıqları vaxtdan qoyulub. Fərziyyəyə görə, sözün özü isə 1282-ci ildə "Morete Alla Francia, Italia Anela", yəni tərcümədə, “Fransaya ölüm, nəfəs al, İtaliya” şüarındakı sözlərin baş hərflərindən yaranıb. Göründüyü kimi "Morete Alla Francia, Italia Anela" cümləsinin baş hərflərindən “MAFİA” sözü yaranır. Bu fərziyyənin tərəfdarları bildirirlər ki, ilk vaxtlarda mafiya yalnız qan qohumluğu olan insanları birləşdirirdi və kəndlərdə yaransa da, sonradan böyük şəhərlərə də yayılıb.

Başqa bir rəvayətə görə isə, 1282-ci ildə pasxa bayramının keçirildiyi günlərin birində fransız əsgərlərdən biri toy günündə gənc siciliyalı qızı zorlayıbmış. Dərddən başına hava gələn qızın anası küçələrə düşərək "ma fia, ma fia", yəni "mənim qızım, mənim qızım" deyərək haray qaldırıb. Bu qanqaraldıcı biqeyrət hadisədən sonra tarixə "Siciliya gecəsi" kimi düşən üsyan baş verir və siciliyalılar ayağa qalxaraq minlərlə fransız əsgəri qanına qəltan eləyirlər. Rəvayətə görə, "mafiya" sözü məhz haray çəkən ananın "ma fia" - "mənim qızım" sözündən yaranıb.

 

Mafiya ərəb sözü imiş...

 

 

Digər qrup tədqiqatçılar isə mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi «maf(f)ja» - “qurtuluş yeri” sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur “Xaç atası” romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni “qurtuluş” kimi.

Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki... Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər.

 

 

 

Ayrı-ayrı müəlliflər, tədqiqatçılar tərəfindən ortaya atılmış fərziyyələri bir-bir sadalamaqda haqlıyıq .Tarixi ekskursumuzu davam etdirib mafiyanın yaranmasıyla bağlı ümumi bir fikir üzərində dayansaq da, əslində, bu da İtaliya tarixində gəzişmələrin davamıdır. Deməli, bütün fərziyyələri nəzərdən keçirdikdən sonra belə nəticə çıxarmaq olar ki, mafiya Burbonların Siciliya üzərində hökmranlığının zəiflədiyi anarxiya, xaos dövrlərində yadelli işğala qarşı yaranıb. Bundan sonra isə mafiya artıq varlığını davam etdirərək Siciliyada ictimai münasibətlərin tənzimləyicisi kimi çıxış etməyə başlayıb. Məsələ bundadır ki, 1860-cı ilə, yəni İtaliyanın birləşməsinə qədər Siciliya təxminən iki əsrə yaxın yadellilərin hökmranlığı altında olub. Bu müddətdə tətbiq olunan repressiyalar, istismarlar, həmçinin ağır ictimai-siyasi şərait, yoxsulluq yerli sakinlərin quldur birləşmələri, silahlı dəstələr yaratmalarına rəvac verib. Bu pərakəndə dəstələr varlı yadellilərin evlərinə hücum edir, qətllər törədir, talanla, qarətlə məşğul olurdular. Siciliyalı qarətçilər əksər hallarda ələ keçirdikləri qənimətləri qohumları, həmkəndliləri ilə bölüşdüklərindən, imkansızlara uzun müddətli kreditlər verdiklərindən, hətta yerli sakinlərlə ticarətçilər arasında düşən mübahisələri ədalətlə həll elədiklərindən onların rəğbətini qazanırdılar. Yeri gəlmişkən, “mafiya” sözünün yaranmasının daha bir izahı da təxminən bu dövrlərə aid edilir. Deyilənə görə, «Mazzini autorizza furti, incendi, avvelenamenti» - “Madzini talana, qarətə və zəhərlənməyə icazə verib” cümləsindəki sözlərin baş hərflərindən “mafiya” sözü yaranıb.

 

Baş  prokurorun hesabatı

 

Bu termin geniş ictimaiyyət arasında ilk dəfə 1862-ci ildən işlənsə də, indi anladığımız mənada “mafiya” sözü mövcud olmayanda, hələ 1838-ci ildə Trapani əyalətinin Baş prokuroru Don Pyetro Ulloa özünün illik hesabatında yazırdı: “Siciliyada elə bir adam yoxdur ki, tutduğu mövqedən sui-istifadə eləməsin. Hər yeri bürümüş xəyanət problemlərini həll eləmək istəyən kütlənin həmişə təhlükəli və qanlı vasitələrə əl atmasına gətirib çıxarıb. Bir çox yerlərdə sektalar şəklində qardaşlıq qruplaşmaları fəaliyyət göstərir. Bu sektaların üzvlərinin hamısı bir rəhbərə tabedirlər və bu rəhbər istənilən dövlət məmurunu, məhkəmə hakimini ələ ala bilir. Artıq insanlar hər hansı problemlə üzləşəndə dövlətə deyil, onlara müraciət edirlər. Hətta oğurluqlar olanda belə, insanlar bu cinayətkarlara müraciət eləyəndə, oğurlanan əmlakları geri qaytarılır. Magistratın bir çox yüksək mövqeli qulluqçuları bu qardaşlıq təşkilatlarının varlığını gizlədirlər, onları himayə edirlər. Şəhər polisləri küçələrdə patrul çəkməkdən imtina eləyir, günün-günorta çağı şəhərdə baş verən qətllərə şahid tapmaq mümkün olmur…”.

Hesabatdan göründüyü kimi ad çəkilməsə də, bütün sadalanan əlamətlər məhz mafiyaya məxsusdur. Ancaq bu sözün çağdaş anlamda işlənməsinə, dediyimiz kimi, elə də çox qalmayıb. Bu sözü ilk dəfə 1862-ci ildə Cüzeppe Rizzuto özünün “Mafiya Vikariyada” adlı pyesində işlədib. Rəsmi sənədlərdə isə termin birinci dəfə Palermo prefekti markiz Filippo Qvalterionun hesabatında yer alıb. Prefektin arayışından oxuyuruq: “Mafiya – bütün sosial orqanizmdə kök atmış, qorxutma, təhdid, qətl yoluyla hakimiyyətini genişləndirməyə çalışan böyük bir təşkilatdır. Bu təşkilat indi hökumətdən də, qanundan da güclüdür”.

 

 “Mafiya nə təşkilatdır, nə də sekta, qaydaları-filan da yoxdur”

 

Maraqlıdır ki, mafiyanın fəaliyyətdə olduğu dövrdən üzü bəri onun mahiyyəti barəsində İtaliyanın özündə müxtəlif fikirlər hökm sürüb. Bir qisim hesab edir ki, mafiya köklü-köməcli geniş cinayətkar şəbəkədir. Digərləri hesab edirlər ki, əksinə, mafiya təhlükəsini şişirtməyə elə də ehtiyac yoxdur. Bu adamlar mafiyanın həyat tərzi, mafiozların isə müəyyən insan tipi kimi qəbul eləməyin tərəfdarıdırlar. Məsələn, XIX əsrdə yaşamış Siciliya xalq ənənələrinin tədqiqatçısı Cüzeppe Pitre yazır: “Mafiya nə təşkilatdır, nə də sekta, qaydaları-filan da yoxdur. Mafiozlar nə oğrudurlar, nə də avara. Mafiya özünə, öz gücünə  həddən artıq inamdır, istər maddi, istərsə də mənəvi olsun, istənilən mübahisəli məsələdə sonuncu hakimdir. Mafioz istəyir ki, ona hörmət eləsinlər, amma o da həmişə başqalarına hörmət eləyir. Əgər mafioz təhqir olunursa, nə qanuna, nə də ədalət məhkəməsinə arxalanır, yalnız və yalnız özü qərar verir, özü də hökm çıxarır”.

Tədqiqatçıdan fərqli olaraq Siciliyaya səfər eləmiş İtaliya parlamentinin deputatı Leopold Françetti isə mafiyanı “zorakılıq sənayesi” adlandıraraq yazırdı: “Mafiya amansız cinayətkarlar sinifdir”.

Beləliklə, biz mafiyanın tarixi ilə bağlı birinci yazımızda bu olayın yaranma tarixinə dair fikirlərə, terminin mənasına aydınlıq gətirməyə çalışdıq. Növbəti yazıda mafiyanın sonrakı dövrlərdə inkişafına, strukturuna, qanunlarına, siyasi hadisələrə nüfuzuna, biznes sahələri ilə əlaqələrinə nəzər salacağıq. Sonra isə növbə adlı-sanlı mafiozlara gəlib çatacaq. Ümumiyyətlə, xeyli geniş mövzudur… Ən azından mafiya ölməz olduğuna görə…

 

İzləməyinə dəyər!

 

İlham Tumas

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541

Oxşar yazılar