Leysan yağışlar nəticəsində çaylarda daşqınlar olacaq - <span style="color:red;">NAZİRLİK
10 aprel 2015 11:50 (UTC +04:00)

Leysan yağışlar nəticəsində çaylarda daşqınlar olacaq - NAZİRLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında  aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.
 

Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozu transsərhəd çaylara gəlincə, Kür çayından Şəmkir su anbarına axımın normanın 63-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 57-85, Araz çayından Araz su anbarına axımın isə normanın 27-47 faizini təşkil edəcəyi gözlənilir.
 

Respublikanın dağ çaylarına gəlincə, Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 76-109, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 77-106, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 53-82, Naxçıvan MR çaylarında 36-77, Lənkəran-Astara bölgəsi çaylarında isə 42-78 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normaya yaxın, yaz (aprel-may-iyun) yağıntılarının isə normaya yaxın və bir qədər az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi proqnozlaşdırılır.

 

Keçən il ilə müqayisədə bu ilin qışında yağıntıların normaya yaxın və keçən ilə nisbətən çox düşdüyünə baxmayaraq, yaz (aprel-may-iyun) yağıntıları normaya yaxın və bir qədər az olacaq.

 

Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən qeyd etmək olar ki, bu ilin gursululuq dövründə respublikanın daxili çaylarında - Böyük Qafqazın çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az, Kiçik Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarda isə çoxillik normadan əsasən az olacaq.

 

Bu ilin gursululuq dövrünün axımı keçən ilin gursululuq dövrünün axımına nisbətən bir qədər çox olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 76

Oxşar yazılar