Dönərxanalara çatan leş ətləri - Sədr AÇIQLADI
Paytaxt sakinlərinin etibar etdiyi dönərxanalardan olan “Bir-iki dönər” də Qida Təhlükəsizliyi Agnetliyinin (AQTA) yoxlamalarına məruz qaldı. Bu xəbər Bakı əhalisini ciddi təşvişə saldı. Çünki bu hələ insanların inandığı dönərxanalardan biri idi. Hazırda hamını narahat edən suallardan biri budu - dönərxanalrda leş ətlər satılır? Bir müddət öncə polisin tutduğu leş mafiyasının fəaliyyəti və əldə olunan ətin miqdarı onu göstərdi ki, bu qədər ət varsa demək onun alıcısı da varmış. Görəsən, həmin leş ətlər dönərxanalara da ayaq açmışdımı?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlama verib. O, çox az yerdən dönər almağı məsləhət görür:
“Azad İstehlakçılar Birliyi illərdir ki, dönərxanalarla bağlı araşdırmalar aparır. Dönərxanalar təhlükəsiz ola bilər, bu şərtlə ki, onlar əti -40 dərəcə şaxtada dondurmalıdırlar. Həmin donmuş əti də xüsusi maşınlarla dönərxanalara gətirməlidirlər. Dönərin təhlükəli tərəfi odur ki, ön hissə qızarır, ancaq içəri hissəyə isti çox gec keçir. Bu zaman da içərinin qanlı suyu aşağı təbəqələrə axır. Heyvan xəstəliklərini özündə daşıyan həmin su ətə qarışır və istehlakçıya verilir. Ancaq ət dondurmadan keçiriləndə həmin xəstəliklər yox olur. Dönərxanalarda leş ətlərindən də istifadə olunur. Yaxşı haldır ki, bu yaxınlarda leş mafiyası ifşa edilərək tutuldu. Azad İstehlakçılar Birliyi də 22 ildir ki, bununla mübarizə aparır. Leş mafiyasının əti təbii ki, dönərxanalara da gedib çatırdı. 2006-cı ildə quş qripi olan vaxtı, Səhiyyə Nazirliyi ümumiyyətlə toyuq əti dönərini qadağan etdi. Ancaq yenə də, dondurmadan keçən toyuq ətləri də dönər olaraq satıla bilər. Ancaq araşdırmalar zamanı məlum oldu ki, toyuq əti dönərinin qadağan olunduğu dönərxanalarda belə 85% toyuq əti dönəri satılır”.
Eyyub Hüseynov leş əti biznesi ilə məşğul olanların AQTA-nı aldatdığını vurğulayaraq, ciddi monitorinqlərin lazım olduğunu deyib: “Leş əti satan şəxslərin də AQTA-dan sertifikatı var. Onlar agentliyə yaxşı əməllərini göstərirlər, ancaq arxada çirkin əməllərindən qalmırlar. AQTA-nın əli hər yerə çatır. Çox ciddi monitorinqlər aparmalıdır. Ancaq təəssüf ki, həmin şəxslərdə də agentliyin sertifikatı var.”
Qida Təhlükəsizlik Agentliyindən Lent.az-a verilən məlumata görə isə, cari ilin iyul-sentyabr aylarında dönərdən zəhərlənmə ehtimalı ilə bağlı agentliyə 12 müraciət daxil olub. Müraciətlər araşdırılaraq, lazımi icra tədbirləri həyata keçirilib. Bundan əlavə həmin dövr ərzində dönərxanalarla bağlı 19 şikayət daxil olub ki, həmin müraciətlərin həlli üçün qanunvericilik çərçivəsində tədbirlər görülüb.
2337