Lənkəranda “DSMF-nın elektron xidmətləri” adlı regional təqdimat keçirilib
29 aprel 2014 12:54 (UTC +04:00)

Lənkəranda “DSMF-nın elektron xidmətləri” adlı regional təqdimat keçirilib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Lənkəranda “DSMF-nın elektron xidmətləri” adlı regional təqdimat keçirib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, “Elektron hökümət” portalının statistikasına əsasən, DSMF-nın əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatları mütəmadi şəkildə davam etdirir.

 

Lənkəranda keçirilən “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat mərasimində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. Tədbirdə dövlət başçısının 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyəti xüsusi vurğulanıb və qeyd olunub ki, bu strategiyaya əsasən informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.

 

DSMF-nın şöbə müdiri Famil Qədimov çıxış edərək bildirib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər. Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidməti vasitəsilə sığortaedənlər bu vəsaitləri onlayn formada ödəmək imkanına malikdirlər.

 

2013-cü il üzrə ‹‹Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi›› elektron xidməti vasitəsilə 324302 sığortaedən tərəfindən 560976 ödəniş həyata keçirilərək, 31 milyon manata yaxın məcburi dövlət sosial sığorta haqqı ödənilib. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətində 131653 istifadə sayı müəyyənləşdirilib. DSMF-nin “Sığortaolunanın onlayn uçota alınması” adlı xidməti sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirməyə imkan verir. Bu xidmət vasitəsilə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsini rəsmiləşdirə bilər. 2014-cü ilin yanvar ayından indiyədək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən artıq fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.

Həmçinin bildirilib ki, DSMF tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi”nin köməyilə reallaşdırılır.

 

Təqdimat mərasimində o da diqqətə çatdırılıb ki, 2013-cü ilin iyul ayından Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı həyata keçirilir. Bu xidmət vasitəsilə pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 «Çağrı Mərkəzi» nə zəng vurub dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Həmçinin, istənilən vətəndaş Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Təqdimat mərasimində DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətlərinə dair təqdimatla çıxış edərək, hər bir xidmət barədə ətraflı məlumat verib.

 

Daha sonra iştirakçıları maraqlandıran sual və təkliflərlə bağlı müzakirələr davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar