Kür çayının Türkiyənin Ardahan bölgəsindən keçən hissəsi donub.
APA TV-nin xəbərinə görə, bu ərazinin 189 km hissəsindən keçən Kür çayının donmasına səbəb Sibir ərazisindən gələn sərt şaxtalı havadır. Xüsusilə gecələr şaxtanın - 23 dərəcəyə qədər düşməsi səbəbindən çayın səthi buz tutub.
Hazırda buzun üstü uşaqlar üçün oyun sahəsi, gənc və yaşlı insanlar üçün isə gəzinti parkı olub.
Kür çayının uzunluğu 1515 km-dir. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək, Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.