Koreyanın Azərbaycandakı səfirliyi Gəncədə “Uşaqlar sülh istəyir” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirib.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, verilən məlumata görə, müsabiqə səfirlik tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Gəncə şəhər İcra Hakimiyyəti və Kəlbəcər şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin nəznindəki 11 saylı orta məktəbdə baş tutub.
100 şagirdin iştirak etdiyi müsabiqədə şagirdlərə sülh və gələcək, Azərbaycan və Koreya arasındakı əməkdaşlıq əlaqələri mövzusunda inşa-yazı və rəsm sahəsində öz bacarıqlarını yoxlamaq imkanı verilib. Qaliblər tutduqları yerlərə müvafiq olaraq elektron tablet, məktəb çantaları və dəftərxana dəsti ilə mükafatlandırılıblar. Müsabiqədən sonra məktəblilər səfirliyin əməkdaşları ilə birlikdə Koreya mətbəxinin nümunələri ilə tanış olublar.
Koreyanın Azərbaycanda fəaliyyət göstərən “Halla” Korporasiyası və “Ultra Construction and Engineering” tikinti şirkəti korporativ sosial öhdəliklərinin tərkib hissəsi olaraq hədiyyələr təqdim etməklə, tədbirə öz töhfələrini veriblər.