Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Suk-in və “SECURO” şirkətinin rəhbəri Kim Choon-ho Tovuza səfər edib. Lent.az-ın xəbərinə görə, qonaqlar rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayevanın iştirakı ilə rayonun fəal gəncləri ilə görüşüblər.
Tovuza Q.Paşayevanın dəvəti ilə ilk dəfə səfər etdiyini deyən səfir Choi Suk-in rayonla geniş tanış olmaqdan məmnun olduğunu deyib. Səfir Koreya ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Səfir rayonun təhsildə fərqlənən fəal gəncləri ilə görüş zamanı onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb.
İcra hakimiyyətinin başçısı T.Zeynalov çıxışında Tovuz rayonu ilə səfirlik arasında əməkdaşlığın genişlənəcəyinə, ortaq layihələrin həyata keçiriləcəyinə inandığını deyib. Ölkələrimizin rəhbərləri arasında yaxşı münasibətlərin olduğunu vurğulayan və bütün istiqamətlərdə əməkdaşlığım getdikcə daha da genişləndiyini deyən T.Zeynalov Tovuzun iqtisadi, turizm imkanları barədə də məlumat verib.
Görüşün sonunda hərbi məktəblərdə oxuyan və sınaq imtahanlarında uğurlu nəticələr göstərmiş 30 nəfər gəncə, o cümlədən rayonun ən yaxşı hərbi müəllimlərindən birinə Koreyanın ölkəmizdəki səfiri və “SECURO” şirkətinin rəhbəri tərəfindən kompüter hədiyyə edilib.
Q.Paşayeva səfirə və “SECURO” şirkətinin rəhbərinə Tovuzun hərbi məktəblərə üz tutan gənclərinə son model kompüterlər hədiyyə gətirdiklərinə görə təşəkkür edib.