Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 30 may 2014-cü il tarixində Lerik şəhərində, Lerik şəhər Mədəniyyət evinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə, Cəlilabad və Masallı rayonları sakinlərinin qeydiyyatı Cəlilabad rayon DYMH-nin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti 448), Yardımlı rayonu sakinlərinin qeydiyyatı Yardımlı rayon DYMH-nin inzibati binasında (ünvan: Yardımlı şəhəri, H.Əliyev prospekti 25), digər rayonların sakinlərinin qeydiyyatı isə Lerik şəhər Mədəniyyət evinin inzibati binasında (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) 29 may 2014-cü il tarixində saat 10.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.