“Dənizin kənarında torpaq və su sahələrinin təmizlənib əhalinin istifadəsinə verilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir. Bunu cənab prezident İlham Əliyev bizim qarşımıza vacib bir məsələ kimi qoyub”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, Azərbaycan yüksək səviyyədə iqtisadi inkişaf göstəricilərinə malik olan ölkədir və belə inkişaf olan ölkələrdə xüsusən təhlükəsizlik məsələlərinin təminatı mühüm yer tutur: "Bu istiqamətdə ölkəmizdə iri layihələr həyata keçirilir. Bu yaxınlarda Bakıda yeni dəniz limanı, gəmiqayırma zavodu açılıb. Bilirsiniz ki, neftayırma zavodlarının fəaliyyəti nəticəsində torpağa dəyən zərər aradan qaldırılmalıdır".
Kəmaləddin Heydərov deyib ki, Niderland Krallığının müvafiq nazirliyi ilə Azərbaycan FHN arasında əməkdaşlıq 2010-cu ildən başlayıb: “Niderlandın bir çox şirkətləri, o cümlədən Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi ilə sıx əməkdaşlığımız var. Bu gün imzaladığımız niyyət protokolu da gələcək işlərimizin davamını əks etdirir. Biz gələcəkdə Abşeron yarımadasındakı çirkli torpaqların təmizlənməsi işlərini davam etdirəcəyik. Bununla bağlı layihələr üzərində iş gedir və yaxın vaxtlarda həmin layihələrin icrasına başlanılacaq”.
Nazir Niderland şirkətləri ilə də uğurlu əməkdaşlıq qurulduğunu deyib: “Kür çayında sahilbərkitmə və təmizləmə işləri aparılır. Niderland şirkətlərindən aldığımız gəmilərin fəaliyyəti nəticəsində həmin ərazilərin çox hissəsi təhlükədən xilas olunub”.