Karateçilərimizin Avropa Oyunlarında iddiaları -  XÜSUSİ REPORTAJ
22 aprel 2015 19:28 (UTC +04:00)

Karateçilərimizin Avropa Oyunlarında iddiaları - XÜSUSİ REPORTAJ

Bu il Bakıda keçiriləcək İlk Avropa Oyunlarında karateçilərimiz də iştirak edəcək. Azərbaycanı təmsil edəcək böyüklərdən ibarət karate üzrə mili komandanı müxtəlif çəki dərəcələrində 6 qız və 6 oğlan təmsil edəcək. Karateçilərin yeganə hədəfi məğlub olmamaq, ən əsası isə qızıl medal qazanmaqdır. Bunun üçün onlar bütün səyləri ilə  çalışırlar.

 

Yarışda iştirak edəcək bir neçə idmançı ilə söhbətləşdik. Ayxan Mamayev 7 yaşından karate ilə məşğuldur. Böyük yarışlarda ilk uğuru 2009-cu ildə baş tutub. 2011-ci ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub. Bundan sonra müxtəlif uğurlara imza atıb.

 

Karateçi Ayxan  Mamayev deyir ki, 2012-ci ildə Bakıda keçirilən Avropa çempionatında həmin həyəcanı yaşayıb: "Amma bu ondan da üstün yarışdır. Yanvardan etibarən çox ciddi məşqlərə başlamışıq. Bakıdakı Avropa Oyunlarında çalışacağıq ki, əlimizdən gələni edək, bayrağımızı qaldırıb himnimizi səsləndirək. Çünki vətəndə uduzmaq olmaz. İlk Avropa Oyunları adını qazanmaq hər adama məxsus olmaz. Gecə-gündüz çalışırıq ki, nəticə olsun, nəticə də qızıl olsun".

 

Bu idman növü üzrə karateçi qızlarımızın da uğurları az deyil. Bunlardan biri də Nuranə Əliyevadır. O, 2008-ci ildən karate ilə məşğuldur. Nuranə əvvəllər bu idmanı sağlamlığı və özünü qorumaq üçün seçsə də, sonralar uğurlarını görən baş məşqçisi onu yarışlara aparıb. Bundan sonra o, dəfələrlə yarışlarda qalib gəlib. İlk dəfə qadınlar arasında nəticəni məhz o əldə edib. Bundan sonra fəaliyyətini milli komandada davam etdirib. Bürünc və gümüş medallar sahibidir.

 

Karateçi Nuranə Əliyeva məşqə əvvəllər heç kəsin xəbəri olmadan gedib: "Evdə heç kəs icazə vermirdi, gizli gedirdim. Sonra uğurlar qazandıqdan, evə medal gətirəndən sonra evdəkilər sevindi, icazə verdilər. O nəticələr, əlbəttə, unudulur, yeni nəticələr əldə etmək lazımdır. Bakıda keçirilən Avropa Oyunlarında layiqincə iştirak edəcəyik. Təbii ki, çox işləməliyəm ki, qızıl medalı əldə edim. Bütün işləri bir kənara qoymuşuq, bütün günümüz zalda keçir".

 

Karateçi İrina Zaretskaya Avropa Oyunlarında Azərbaycanı bütün rəsmi turnirlərdə təmsil edəcək: "İndi əlbəttə ki, biz tam formada deyilik, məşqlər davam edir və nizamla qurulub. İndi biz fiziki formamız üzərində işləyirik, sonra isə taktikamızın üzərində işləyəcəyik. Döyüşlərdə rəqiblərimizin oyununu izləyəcəyik, özümüz üçün müəyyən strategiyalar seçəcəyik. Bu çox çətin işdir. Həm idmançıların, həm şəxsi məşqçilərin, həm də milli komanda məşqçilərinin  üzərinə iş düşür. Uşaqlar məşqlərdə çox çalışır. Bu, adamı çox ruhlandırır. Mənə elə gəlir ki, biz layiqincə çıxış edəcəyik, çünki məşqlərimizdə olan ruh inanmıram ki, başqa komandalarda olsun".

 

Fiziki hazırlıq üzrə məşqçi Oktay Məmmədov idmançıların yarışa tam hazır olduğunu  deyir: "Fiziki, texniki və taktiki məşqlər gedir. Avropa Oyunlarında idmançılar yalnız fərdi növlərdə iştirak edəcəklər. Oyunlarla bağlı Qəbələdə bir həftəlik təlim-məşq toplantısı keçirdik. Fiziki cəhətdən uşaqlarımızın hazırlığını bir daha yoxlamaq üçün bu çox önəmlidir. Qayıdıb zalda məşqlərimizə davam edirik. Arada iki yarışımız olacaq - Lüksemburqda və Türkiyədə. Bundan sonra yoxlama təlim-məşq toplantımız olacaq. Bu il Avropa çempionatında 3 nəfər yarışın ilk günündə finala çıxmışdı. 3 finaldan ikisində qalib gəldik. Ümidimiz var ki, oradakı nəticəni Bakıda da təkrarlayacağıq".

 

Avropa Oyunlarında ümumilikdə 12 karateçimiz iştirak edəcək. İdmançılardan 10-u Kumite, 2-si Kata növü üzrə çıxış edəcək.

 

Kata ilə məşğul olan 2 idmançımıza İspaniyadan gələn məşqçi Luka Valdezi seminar keçir. Onun sözlərinə görə, Kata xəyali olaraq rəqibə qarşı döyüş növüdür: "İkinci dəfədir Azərbaycandayam. 33 ildir ki, bu işlə məşğulam. 15 ildən çoxdur bütün dünyada karate dərslərini seminar formasında keçirəm. Biz hazırda Katanın daha da təbii alınması üçün texniki hərəkətlər üzərində işləyirik. Burda əsas potensiala, cəldliyə önəm verilir. İndi hazırlaşdırdığım idmançıların öz bazaları var. Mən onları daha yaxşı hazırlaşdırıram ki, medal qazana bilsinlər. Ümid edirəm ki, bu baş tutacaq".

 

Karateçi Tural Balcanlı yığma komandada 8 ildir məşğul olur: "Katanı sevdim, xoşum gəldi. Katada daha çox nailiyyət əldə etməyə başladım. Buna görə də Katanı seçdim. Məqsədimiz ancaq medal qazanmaqdır".

 

Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunlarında arenaya ilk olaraq karate üzrə yarışan idmançılar çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar