Azərbaycanın Kanadadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, konfransa Karlton Universiteti Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Cef Sahadeo sədrlik edib. Konfransın açılışında çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından elmi araşdırmalar və tələbə mübadiləsinin vacibliyinə diqqət çəkib. Eyni zamanda, Əlimərdan bəy Topçubaşovun yubileyi ilə bağlı səfirlik tərəfindən təşkil edilən inşa yarışmasının qalibi də mükafatlandırılıb.
Konfrans zamanı ADA Universitetinin professoru Rəşad İbadov “Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə”, Kanada Parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolin “İkitərəfli diplomatiyada parlamentarilərin rolu”, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Heydər Mirzə “Cənubi Qafqaz regionunda cari geosiyasi durum və Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış ediblər.
Bundan başqa, tədbir zamanı isveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş “Unudulmuş münaqişə” adlı kitabının təqdimatı da keçirilib. A.Vidmer çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, hazırkı durumu və aparılan danışıqlar barədə ətraflı məlumat verib.